Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində Azərbaycan və Tacikistan əlaqələrinin əhəmiyyətli rolu var
Azərbaycan-Tacikistan münasibətləri tarixi dostluq əlaqələrinə söykənərək bu gün yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi istiqamətində ölkəmiz böyük potensiala malikdir.
Qeyd edək ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq qurmaqdadır. Azərbaycan Mərkəzi Asiya ölkəsi olmamağına baxmayaraq, tarixi, mədəni və siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni nailiyyətlər gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, həmçinin Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərməkdədir.
Əminliklə demək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi