Analitika

Qarabağ nəhayət 30 ildən sonra öz çiçəklənmə dövrünü yaşayır

İşğaldan azad edilmiş ərazilərdə-Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində məqsədyönlü iş aparılır. Ölkə büdcəsi üçün ağır yük olsa da, Azərbaycan hökuməti bərpa və yenidənqurma işlərini sürətlə aparmaq, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmə əzmini bütün dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq və bərpa işlərinin həyata keçirilməsi şəhərsalma prosesinin çevik və səmərəli idarə olunması üçün yeni şəraitə uyğun institusional sistemə tələbat yaradırdı. Prezident İlham Əliyevin 2021-ci il iyulun 12-də imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” və “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” fərmanlar bu sahədə mühüm addım kimi səciyyələndirilir.

Xalqımız üçün əziz olan və Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində isə dövlət siyasətinin əsas istiqamətləri müvafiq qanunla təsbit olunub. Prezident İlham Əliyevin 2021-ci il mayın 31-də təsdiqlədiyi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna əsasən, şəhərin bərpası, yenidən qurulması, öyrənilməsi, inkişafı və təbliği, burada yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasının təmin olunması əsas istiqamətlərdəndir. Hazırda şəhərin abadlaşdırılması, yeni infrastrukturun qurulması işləri davam etdirilir.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni, həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü iki ay ərzində təsdiq etməlidir. Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat, elektrik enerjisi  və su təchizatı infrastrukturlarının yaradılması ilə yanaşı, yaşayış yerlərinin bərpası və yenidən tikilməsi istiqamətində də işlər davam etdirilir. Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin icrası, Ağdamın yeni baş planı üzrə görülən işlər uzun illərdir doğma torpaqlara qayıtmaq arzusu ilə yaşayan məcburi köçkünlərimizdə böyük sevinc hissi doğurur. Bu layihələr Qarabağın tarixi memarlıq irsini yaşatmaqla yanaşı, ən müasir arxitektura elementlərini də özündə ehtiva edir.

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində otuz ilə yaxın müddətdə ölkəmizə dəyən ziyanın həcmi çox böyükdür. Erməni faşistləri 871 yaşayış məntəqəmizi, o cümlədən 11 şəhəri, 12 qəsəbəni, 848 kəndi  dağıdıb, viran qoyublar. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina yerlə-yeksan edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu “vəhşi qəbilə”ni torpaqlarımızdan qovub çıxardıqdan sonra Qarabağın dirçəldilməsinə başlanılıb və bu proses dövlətimizin gücü, qüdrəti, xalqımızın dostlarının dəstəyi sayəsində sürətlə həyata keçirilməkdədir. Doğma torpaqlarımızı yeni şəhərlərin, kəndlərin bəzəyəcəyi, soydaşlarımızın öz yurdlarında xoş günlər yaşayacağı günlər o qədər də uzaqda deyil. Qarabağda şəhərsalma və memarlıq məsələlərinə dövlətimizin xüsusi diqqət yetirməsi bunu söyləməyə əsas yaradır. Həyata keçirilən layihələr tarixi memarlıq irsini yaşatmaqla müasirliyi də ehtiva edir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button