Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır
Bu gün 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı Cəbrayılın düşmən tapdağından azad olunmasından üç il ötür. Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk olunub. İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir.Bu baxımdan rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22775 əsgər və zabitimiz Prezidentin sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Təsadüfi deyil ki, Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır. Çünki bu Qələbənin əsas əhəmiyyəti ondan ibarət idi ki, müharibənin birinci həftəsində ilk dəfə şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də davam etdirmişdir.
Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Cənab Prezidentin Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi