Analitika

Cəbrayıl rayonunda bərpa-quruculuq işləri uğurla və sürətli həyata keçirilir

Məlum olduğu kimi, işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Ona görə də, 44 gün davam edən Vətən müharibəsi qaçılmaz oldu. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq. 44 günlük Vətən müharibəsində Zəfər günü tarixi ədalətin təntənəsidir. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.Bildiyimiz kimi, Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi 2020-ci il oktyabr ayının 4-də düşmən işğalından azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli Ordumuz işğal altında olan digər ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi. Ümumiyyətlə, tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin hər günündə xalqa qələbə müjdəli müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inamı artırdı. Bu müraciətlərdə hər gün bir rayonun, kəndin, qəsəbənin, strateji yüksəkliklərin azad edilməsi ilə yanaşı, Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib qaçan Ermənistan silahlı qüvvələrindən qənimət kimi götürülən, yaxud məhv edilən hərbi texnikanın, silah-sursatın statistikası da açıqlandı.Bu gün torpaqlarımız tarixi sahibindədir, insanlarımız yeni həyata qədəm qoyaraq 30 ilin dağıntılarını bərpa-quruculuq işləri ilə əvəz edirlər. Tarixi Zəfərimizə imza atdıqdan dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş ərazilərimizə – Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu da səbəbsiz deyildi, çünki 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istiqamətlərdən Zəfər yürüşünə başlamaqla yanaşı, ilk olaraq burada şəhid verərək həmin ərazilərimizi azad etmişdilər. Artıq, Cəbrayıl şəhərinin Baş planı təqdim edilib. Dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlətimizin başçısının bu ərazilərə məlum səfərləri çərçivəsində Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə, Cəbrayıl şəhərində Dövlət Bayrağını ucaldıb. İşğal zamanı ermənilərin qondarma “polis idarəsi”nin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmisiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirilib, Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq olub, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi keçirilib, “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı baş tutub. Bunlar qısa müddətdə görülən işlərin xronologiyasıdır. Xalqımızın Ali Baş Komandan İlham Əliyevə, eləcə də, müzəffər Ordumuza inamı, dəstəyi, həmçinin, ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün digər azad edilmiş rayonlarımız kimi, Cəbrayıl rayonunun da bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Qısa zamanda görülən işlərin fonunda bu əminliyi ifadə etmək olar ki, tezliklə Cəbrayıl rayonunda görülən işlər uğurla başa çatacaq, cəbrayıllılar bu torpaqlarda yeni həyata başlayacaqlar.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button