Analitika

Füzulidə infrastruktur intensiv surətdə inkişaf edir

Azərbaycanın bir dövlət olaraq dünya da öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev harada, hansı şəraitdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müstəqil, müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici haldır ki, bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir. Füzuli rayonu artıq üç ildir ki, tarixi sahibinə qovuşub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə tarixi Zəfərimizdən geniş bəhs edərək qarşıda dayanan hədəfləri açıqladı: “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.”İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər etdi. Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Dövlət başçısı İlham Əliyev bu yolu “Zəfər yolu” adlandırdı. Müzəffər Ali Baş Komandanın bu rayona hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.  Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri deyilənlərin təsdiqidir. Həmçinin Füzuli Memorial Kompleksinin təməli və Füzuli şəhərinin təməl daşı qoyulub. Ölkə Prezidenti Füzulinin azad olunmasının əhəmiyyətindən geniş bəhs edərək bildirdi ki, Füzuli böyük yaşayış məntəqəsi idi və Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Otuz il ərzində düşmənin burada möhkəmlənməsi, istehkamlar qurmasına baxmayaraq, Azərbaycanın igid oğulları həmin sədləri keçərək düşmənin canına vəlvələ saldı. Bu, əsl qəhrəmanlığın, fədakarlığın təcəssümüdür.

Laura Quliyeva,
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button