Analitika

Yaşasın, müstəqil Azərbaycan Respublikası!

2020-ci ilin 10 dekabr tarixində dünya ölkəmizin baş meydanında – Azadlıq meydanında bu zəfərin təntənəsini əks etdirən Zəfər Paradına şahidlik etdi. Zəfər Paradındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dedi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi, bütün dünya Azərbaycan xalqının haqlı mübarizədə qalibiyyətinin şahidi oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi. Saat 15 radələrində dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi.

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrildi. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə Böyük Qayıdışı təmin etmək üçün aparılan infrastruktur quruculuğu və bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. O cümlədən bərpa proqramı çərçivəsində sözügedən ərazilərin bol su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı layihələrin hazırlanaraq həyata keçirilməsinə başlanıb. Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Bəli, bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Həmin regionlarda yaşayan insanların rahatlığının təmini üçün bütün qurumlar bütün güclərini səfərbər ediblər. Məsələn, işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Şəhərsalma” və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində “Azəristiliktəchizat” ASC təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.

Lalə Müseyibova,
Nizami rayon 210 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button