Xocalı soyqırımı bütün dünyaya yönəldilmiş vəhşilikdir

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycan həqiqətlərinin, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş aksiyalara dəstək məqsədi ilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Elza Məmmədova,
Nizami rayon 109 saylı məktəbin müəllimi



