Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib

Enerji sektoru əməkdaşlıq əlaqələrinin inkişafında və coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir. Tarixən neft ölkəsi kimi tanınan, zəngin enerji resurslarına malik Azərbaycan 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək üçün geniş imkanlar qazandı. Ulu Öndər dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”, eyni zamanda, ondan sonrakı dövrdə imzalanan sazişlər, Anlaşma memorandumları bunun bariz nümunəsidir. Son 20 ildə Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev enerji sektorunda əməkdaşlığa xüsusi önəm verir. Bu gün Azərbaycanın etibarlı və arzu olunan tərəfdaş kimi tanınması və nüfuz qazanması da uğurlu enerji diplomatiyamızın nəticəsidir. Ölkəmiz yeni tərəfdaşlar və dostlar qazanır. Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir. Cənub Qaz Dəhlizinin işə salınmasından əvvəl bir çox Avropa ölkələri marşrutların və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edən və bununla da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən bu dəhlizə interkonnektorlar vasitəsilə qoşulmaqda maraqlı olduqlarını bildirirdilər. Cənub Qaz Dəhlizinin belə qollarından biri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) artıq reallıqdır. Azərbaycan qarşıya qoyulan hər bir hədəfə zamanında nail olmaq üçün səylər göstərir. Xatırlasaq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində cənab İlham Əliyev bu layihəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək onun da icrasının nəzərdə tutulan vaxtda başa çatacağını bildirdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin 31 dekabr tarixində isə TAP istifadəyə verildi. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Ölkəmizin qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Ötən ilin dekabrında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Serbiya Azərbaycan qazının ixrac edildiyi doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır. Ümumilikdə Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri Azərbaycanı etibarlı və arzuolunan tərəfdaş kimi dəyərləndirir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik. Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.” Dövlət başçısı İlham Əliyev həm ötən il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin, həm də Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində gələcəklə bağlı planları açıqlayarkən ixrac imkanlarının genişləndirilməsini xüsusi qeyd etmişdi. “Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir” söyləyən cənab İlham Əliyev onu da bildirmişdi ki, digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Artıq yeni iştirakçılar, ideyalar, planlar var. Avropa məkanında yeni yaradılacaq interkonnektorlar yeni ölkələrin bazarlarına çıxışı təmin edəcək. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və Anlaşma memorandumları imzalanmışdır. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz yaşıl enerji zonası elan edilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu hədəf özündə bu çağırışları ehtiva edir- Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin olunmalıdır.
Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi



