Analitika

Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi dünya birliyinin Azərbaycana böyük etimadının və hörmətinin isbatıdır. Şübhə yoxdur ki, COP29 beynəlxalq konfransı ölkəmizin və xalqımızın növbəti böyük uğuru olacaq. Çünki bu dünya miqyaslı tədbir Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olduğunu nümayiş etdirməklə yanaşı yaşıl enerji növlərinin yaradılmasının, yaşıl enerjinin dünya bazarlarına nəqlinin ölkəmizin enerji siyasətinin prioriteti olmasını sübut edəcək.

COP29-un Azərbaycanda keçirilməsinin böyük siyasi əhəmiyyəti var: “Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Bu isə özlüyündə bir daha bütün dünya ictimaiyyətinin Azərbaycana yekdil dəstəyinin ifadəsidir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29 bu vaxta qədər Azərbaycanda keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Çünki iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq və ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.

COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin növbəti təzühürüdür. COP 29-ün ölkəmizdə keçiriləcəyi bu ilin cənab Prezidentin müvafiq Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması xüsusi önəm daşıyır: “Bu əlamətdar hadisə Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür. Eyni zamanda bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir. Yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir: Azərbaycan 2030 Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən olunub. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə milli, regional, qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir.

Ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir: Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. COP29-un ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button