Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Prezident Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1–4 iyul 1996-cı il tarixdə Almaniyada rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008-ci il tarixlərində Drezden Qalereyasında “Azərbaycan müasir incəsənət sərgisi” keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi



