Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub. Xüsusi qeyd etmək lazımdır ki, qeyri-neft sektoru da ölkəmizə investisiyalar gətirməyə başlayıb. İnvestisiyanın təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Birgə daha çox layihələrimiz olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Xatırladım ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Milli enerji şəbəkəsini gücləndirməliyik, bu zamanın tələbidir. Müvafiq dövlət proqramı icra olunur və artıq lazımi maliyyə resursları da ayrılıb.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı