
Ölkəmizin artan imkanları, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi müstəqil mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir. Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, lakin şərəfli yol keçərək, daim xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli və bəşəri dəyərləri öndə saxlayan mətbuatın inkişafı istiqamətində addımlar ardıcıllığı və məqsədyönlülüyü ilə diqqət çəkdi. Bu siyasətin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnkaredilməz faktdır ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin siyasi savadsızlığı, səriştəsizliyi, şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən, milli maraqlardan üstün tutmaları ucbatından ölkədə xaos, anarxiya, özbaşınalıqlar höküm sürürdü. İctimai-siyasi durumun gərgin olduğu bir dövrdə digər sahələrin inkişafından danışmaq mümkünsüz idi.
Ölkəmiz azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün kütləvi informasiya vasitələrinin təmsilçiləri qürur hissi ilə bildirirlər ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi əsasında qəbul olunan Milli Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. “Məlumat azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Belə ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır.
Qeyd etdiklərimizin fonunda bir daha bu gerçəklik də təsdiqlənir ki, ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın qarşısında yeni imkanlar açır. Hər sahə üzrə konkret proqramların mövcudluğu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycanın artan imkanları, beynəlxalq aləmdə yeri və rolunun möhkəmləndirilməsi, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi azad mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir.
Alkərəmova Şəhla,
YAP Şuşa rayon təşkilatının fəalı


