Gündəm

Şəki şəhərində gənc Vikipediyaçıların yay düşərgəsi keçirilib

31 iyul-4 avqust 2024-cü il tarixlərində Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə birgə gənc vikipediyaçıların yay düşərgəsi keçirilmişdir. Düşərgənin keçriliməsində məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarını təkmilləşdirmək,  yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunu yüksəltmək, gənclərə milli kimlik və mədəni dəyərlərin önəmini aşılamaq, onların öz mədəniyyətinə, dilinə, tarixinə və ənənələrinə bağlılığını artırmaq, müasir texnologiyaların imkanlarından istifadə edərək milli vətənpərvərlik ideyalarını yaymaqdır.  Düşərgənin ilk günündə “Müasir gəncliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” adlı təlimin keçirilməsi buna bariz nümunədir.

Reportyorinfo.az xəbər verir ki, düşərgədə ümumlikdə 90 nəfər olmaqla 18-29 yaş arası gənclər müsahibədən keçərək iştirak etmişdir. Onlardan 30 nəfəri peşəkar, təcrübəli istifadəçilər – azərbaycandilli vikipediyanın bürokratı, inzibatçıları, patrulları və eyni zamanda 60 nəfər yeni istifadəçi, müxtəlif kontingeti – tələbələr,  könüllülər, müxtəlif sosial təbəqələrə, şəhər və ya kənd yerlərindən olan fərqli mədəni və təhsil səviyyələrinə malik iştirakçılar əhatə etmişdir.

Düşərgədə Özbəkistan Respublikasından olan özbəkdilli vikipediyanın inzibatçısı Asiliddin Yunusov və aktiv vikipediyaçısı Xurşidbek Umarov, türkdilli dövlətlərin istifadəçi qrupunun sədri Zafer Batık və üzvü Adem Ünsal iştirak etmişlər. Mütəxəssislər tərəfindən düşərgədə 2025-ci ildə Azərbaycanda keçiriləcək Türkdilli dövlətlərin zirvə görüşü ilə bağlı məlumatlar və TURKİC-Vikimedia təlimi həyata keçirilmişdir.

Düşərgədə vikipediya sahəsində peşəkar təlimçilər tərəfindən  Vikipediya haqqında ümumi məlumat verərək, “Vikipediyada məqalə yaratma və redaktə etmə, şablonlardan istifadə, kateqoriya açma, istinadların qoyulması”, “Müxtəlif ölkələrdə vikipediyaçıların həyata keçirdikləri layihələr”, “Faylların Vikipediyaya lokal olaraq yüklənməsi və ədalətli istifadə meyarları”, “Vikipediyada tətbiq edilən müxtəlif faydalı alətlər”, “Vikidata”, “Vikianbar”, “Vikipediyaçıların vikicəmiyyətdə və real həyatda münasibətləri”, “Vikimediya layihələri”, “Vikipediyada maraqlı alətlər”, “Vikipediyada informasiyanın ötürülməsi: Neytrallıq və etibarlılıq, narrativlər”, “Vikikitab”, “Süni intellekt və Vikipediya”, “Ensiklopedik əhəmiyyətlilik / Elmmetrik bazalar və akademik sosial şəbəkələr” “Vikimənbədə əsərlərin yerləşdirilməsi” mövzularında təlimlər keçirililmişdir.

İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə intellektual oyunlar, idman yarışları və Şəki şəhərinin gəzməli-görməli, tarixi yerlərinə foto-gəzinti təşkil edilmişdir. Oyunlarda qalib olan komandlara həvəsləndirici hədiyyələr təqdim edilmişdir.

Düşərgə müddətində iştirakçılar vikipediyada Azərbaycan gəncləri və idman mövzularında, Şəki şəhəri haqqında məqalələr yazmış, Vikipediyada müxtəlif əsaslı redaktələr edərək öz töhfələrini vermişlər.  4 gün müddətində vikipediyada 200-dən çox məqalə, Vikimənbədə isə 207-dən çox məqalə yerləşdirilmış və Vikianbara (Commonsa) 50-dək Şəki abidələrinin foto şəkilləri yüklənmişdir.

Sonda bütün iştirakçılara AR Gənclər və İdman naziri Fərid Qayıbovun adından düşərgə iştirakçılarına və təlimçilərinə iştirak etdiklərinə görə sertifikatlar təqdim edilmişdir.

Oxşar Xəbərlər

Back to top button