
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. İyulun 26-da start götürən, sayca 33- cü dəfə keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi layiqincə təmsil etdilər. 91 ölkənin idmançılarının fəxri kürsüyə çıxdığı olimpiyadada Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla sıralamada Qazaxıstan, Polşa, Avstriya kimi iddialı komandaları arxada buraxıb 30-cu olmağı bacardı. Qadın basketbolçularımızın olimpiadada 7-ci yeri tutması, xüsusilə də turnirin əsas favoritləri Amerika və Çin komandalarına qalib gəlməsi dəyərli idman uğurumuz kimi tarixə düşdü. Eyni zamanda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci yeri tutdu ki, bu da böyük nailiyyət sayıla bilər. Həmçinin atletikada Anna Skidanın nəticəsi də ötən olimpiadalardan sonra bu idman növü üzrə irəliləyişin olduğunu göstərir. Olimpiadanın xalqımız üçün ən unudulmaz anlarını isə, heç şübhəsiz, Azərbaycan cüdo məktəbinin fəxrləri Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) yaşatdı. Bəli, iyulun 29-u və avqustun 1-də “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdo məktəbinin iki pəhləvanı, sözün əsl mənasında, tatamidə rəqiblərinə dərs keçdilər.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi. Mərasindəki çıxışında ölkə başçısı idmançılarımızı təbrik edərək deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Azərbaycan idmançılarının mötəbər idman yarışlarında əldə etdikləri uğurlar bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Görüş zamanı Prezident İlham Əliyev bildirdi ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.
Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı