Şuşanın işğaldan azad olunması Azərbaycanın tarixi zəfəridir
Şuşa şəhəri Azərbaycanın mədəniyyət incisi və Qarabağın mərkəzi olaraq xüsusi əhəmiyyətə malikdir. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Şuşa şəhərini erməni işğalından azad etdi. Bu tarixi hadisə Azərbaycan xalqı üçün böyük sevinc və fəxarət mənbəyi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək yolunda mühüm addım oldu. Şuşanın azad edilməsi, həm də bölgənin yenidən bərpa olunması və inkişaf etdirilməsi üçün yeni mərhələ açdı. Şuşa Azərbaycanın qədim şəhərlərindən biri olub, əsrlər boyu ölkənin mədəniyyət, elm və incəsənət mərkəzi kimi tanınıb. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhəri, 18-ci əsrdən etibarən Azərbaycan memarlığının və şəhərsalma ənənələrinin simvolu olaraq formalaşıb. Burada Molla Pənah Vaqif, Üzeyir Hacıbəyov, Bülbül, Xurşidbanu Natəvan kimi görkəmli şəxsiyyətlər yetişmişdir. 2020-ci ildə baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalı altında olan əraziləri mərhələli şəkildə azad edərək, nəhayət 8 noyabrda strateji əhəmiyyətə malik olan Şuşa şəhərinə daxil oldu. Şuşanın azad edilməsi, həm hərbi, həm də simvolik baxımdan əhəmiyyətli idi.
Məhz Şuşanın azad olunmasından sonra Ermənistan təslim oldu və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatla Azərbaycan ərazilərinin tam şəkildə azad edilməsi təmin olundu. Şuşa azad edildikdən sonra, dövlətimiz tərəfindən bu qədim şəhərin bərpası və yenidənqurulması üçün genişmiqyaslı işlərə başladı. Şəhərin mədəni mirasının qorunması və onun tarixi simasının bərpa edilməsi əsas prioritetlərdən biridir. Prezident Cənab İlham Əliyev tərəfindən Şuşa şəhəri “mədəniyyət paytaxtı” elan edilmiş və buradakı tarixi-memarlıq abidələrinin bərpasına xüsusi diqqət ayrılmışdır. Şuşa şəhərinin bərpası yalnız infrastruktur və iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır. Bu işlər həm də Azərbaycanın milli qürurunu və kimliyini təcəssüm etdirir. Şuşanın hər bir daşında və küçəsində Azərbaycanın tarixi izləri mövcuddur, və şəhərin yenidənqurulması ilə bu izlər yenidən həyat qazanır. Şuşa Azərbaycanın mədəni və tarixi mərkəzi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmağa davam edir. Şuşanın işğaldan azad olunması Azərbaycanın tarixi zəfəri kimi yadda qalıb. Şəhərin bərpası və yenidən qurulması ilə Azərbaycan xalqı öz tarixi, mədəniyyəti və milli kimliyini yaşatmağı davam etdirir. Şuşa Azərbaycan üçün mədəniyyət və tarix mənbəyi olmaqla yanaşı, həm də ölkənin gələcək inkişafı üçün mühüm mərkəzə çevrilir.
Məmmədova Nərmin,
YAP-ın gənc fəalı