AnalitikaGündəmMədəniyyətSiyasət

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr Azərbaycanın yanındadır

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev öz çıxışında Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirdi. Kasım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı. Həmçinin Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcəyini və hörmətli Azərbaycan Prezidentinin belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcəyini və bununla bağlı hər zaman Azərbaycanın yanında olmağa hazır olduqlarını da vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi. O ,əvvəlcə qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür etdi. Bildirdi ki, bu, onun son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Hər səfərdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkənin inkişafına şahidi olduğunu, əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı, həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik etdi.

Ölkə başçısı bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu xatırladaraq təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini, iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini dilə gətirdi.

Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığına diqqət çəkərək Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə inamını ifadə etdi. O ,hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın böyük əhəmiyyət daşıdığını, son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndiyini,ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirdiyini,hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almasının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğuladı.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların daha da artdığını söyləyən prezident İlham Əliyev Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycanın öz sərmayələrini artırdığını, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edildiyini söylədi. Qeyd etdi ki,hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyinə diqqət çəkərək Ermənistanın 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizin və yüzlərlə kəndimizin tamamilə məhv edildiyini, işğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyini, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri döndüklərini nəzərə çatdırdı.

Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirən Cənab Prezident Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini qeyd etdi. Keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini və bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü kimi yüksək qiymətləndirdiyini bildirdi.

Əlisoy Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button