GündəmAnalitika

Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür, 1988-ci ilin son aylarında Ermənistandan-öz dədə-baba yurd-yuvasından, daha sonra isə Dağlıq Qarabağdan doğma ocaqlarından qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. Ermənistanın separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum, həmin ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Ağdamın Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biri olduğunu xatırladan İ.Kərimov deyib: “Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyət abidələri var. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.Artıq işğaldan azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin göstərişi ilə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Vəhşi ermənilərin torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq, bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaq. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdi: “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də buraya gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Dövlətimizin başçısının 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günü həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi. Beləliklə, Azərbaycan dövləti həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazanmış, torpaqlarımızı işğalçılardan azad etmişdir. Sözsüz ki, işğaldan azad edilmiş ərazilər əvvəlkindən də abad olacaqdır. Ağdam rayonu yenidən bərpa edilərək Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.

Aytən Musayeva,
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button