GündəmAnalitika

Kəlbəcər rayonunun işğaldan azad olunduğu 25 noyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub

Dağlar qoynunda yerləşən gözəlliklər məskəni, qədim Kəlbəcər  rayonu tarix boyu həm coğrafi mövqeyinə, həm də zəngin təbii ehtiyatları ilə Azərbaycanın ən mühüm bölgələrindən biri olub. Düşmən tapdağı altında qalan digər rayonlarımız kimi Kəlbəcər rayonu da 30 ilə yaxın erməni vandalizminə məruz qalaraq sözün əsl mənasında viran qoyulub. Ölkəmizin qədim yaşayış məskənlərindən olan “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Rayonun inzibati statusuna gəlincə Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Qəhrəmanlarımıza hörmət və ehtiram olaraq 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bundan başqa, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə işğala son qoyuldu.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button