AnalitikaGündəmİdman

Qalib xalqın qalib gəncləri

2024-cü il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər.

İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir. Bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar.

Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bu silsilə tədbirlər həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət lazımi tədbirlər həyata keçirilmişdi. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunları, ondan sonra İslam Həmrəylik Oyunları və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada vaxtilə inşa edilən idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu. Əgər vaxtilə bu cür uzaqgörən siyasət həyata keçirilməsəydi, bu miqyasda beynəlxalq tədbirə ev sahibliyi edə bilməzdik – 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı.

Azad edilmiş ərazilərdə də infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi – bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişdik.

Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.

Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra İlham Əliyev idmançılara dövlət qayğısını daha da gücləndirdi, əks halda idman inkişaf edə bilməzdi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.

Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

İbişov Fəyyaz,
Xəzər rayonu,  Z. Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button