AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə əhali tərəfindən böyük maraqla qarşılandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev: Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

Prezident İlham Əliyev COP29-danda bəhs etdi. Prezident İlham Əliyev: Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. Bilirəm ki, 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada – Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.

Ötən ilin sonu, yəni dekabrın 19-da Azərbaycan daha bir nüfuzlu təşkilat olan D-8-ə üzv qəbul edilməsindən də bəhs edildi. Prezident İlham Əliyev: Bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Siz də yaxşı bilirsiniz ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin. Bizim namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button