AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan münasibətləri

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstan Respublikasının Prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Erməni və gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.

1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti Eduard Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verib.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Bu səfərlər sırasında 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana, 2001-ci ilin sentyabrında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, 2002-ci ilin yanvarında Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin Azərbaycana rəsmi səfərlərini qeyd etmək lazımdır.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “Trabzon razılaşması”nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.

2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.

“Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir” – bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.

Bunun ardınca, 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilib.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak ediblər.

Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə də bir sübutdur. Beləki, Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da dəfələrlə Gürcüstanda səfərdə olub: 2005-ci il (12 oktyabr), 2007-ci il (7 fevral, 12 may, 21 noyabr), 2008-ci il (1 iyul), 2010-cu il (18 iyul), 2014-cü il (06 may), 2015-ci il (06 noyabr), Gürcüstan prezidentləri də müxtəlif vaxtlarda ölkəmizə səfərə gəliblər.

Ən yeni dövrə nəzər salsaq, 17 yanvar 2025-ci il tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanda səfərdə olmuşdur. Baş naziri Prezident İlham Əliyev çıxışında səmimiyyətlə salamlayaraq bildirmişdir ki:

“Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.

Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.”

Gülər Məmmədbəyli,
Xəzər rayonu, R.Qasımov adına
216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button