AnalitikaGündəmSosial

Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir

Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə hər zaman olduğu kimi, bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.

Azərbaycan qadınlarının milli hərəkatda və mübarizədə rolu xüsusilə önəmlidir. 1918-ci ildə qadınlara seçki hüququ verildikdən sonra, onlar cəmiyyətin siyasi və sosial həyatında da fəal şəkildə iştirak etməyə başladılar. Azərbaycanın müasir dövründə qadınların rolu daha da inkişaf etmişdir. 1991-ci ildən sonra, Azərbaycan müstəqillik qazandıqdan sonra qadınlar həm sosial, həm də iqtisadi sahələrdə böyük irəliləyişlər əldə etmişlər. Qadınların siyasətə, biznesə, təhsilə və mədəniyyətə qatılması artmışdır. Məsələn, Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti olaraq qadınların siyasi həyatda böyük yer tutduğunu göstərmişdir. Qadın hüquqları sahəsində müxtəlif qanunlar qəbul edilib və qadınların hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq da artırılıb.

Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button