
Novruz Bayramı əsrlər boyu türk, fars və bir sıra Şərq xalqlarının milli-mədəni kimliyinin ayrılmaz hissəsi olmuşdur. Baharın gəlişi və təbiətin oyanışı ilə bağlı olan bu bayram qədimdən bəri yeni ilin başlanğıcı kimi qeyd edilir. Novruz təkcə bayram deyil, həm də insanları bir araya gətirən sosial hadisədir. Bayramın əsas mahiyyəti barış, dostluq və həmrəylikdir. Novruzda küsülülər barışar, böyüklər ziyarət edilər və ailə birliyinə xüsusi önəm verilir. Novruz sözünün mənası fars dilindən tərcümədə “yeni gün” deməkdir və bu bayram astronomik təqvimə əsasən baharın ilk günü olan 20-21 mart tarixində baş tutur. Novruz eyni zamanda ekoloji baxımdan da mühüm simvolizmi özündə daşıyır. Baharın gəlişi ilə torpaq oyanır, ağaclar çiçək açır və canlılar yenidən hərəkətə gəlir. Bu səbəbdən Novruz təbiətə qayğı, torpağa sevgi və həyat enerjisi ilə bağlı dəyərləri təbliğ edir. Novruz Bayramı zəngin ayinləri və ritualları ilə fərqlənir. Hər biri qədim inanclardan qaynaqlanan bu ənənələr bayramın mahiyyətini daha da dərinləşdirir.
Novruz bayramının özünəməxsus simvolları və adət-ənənələri vardır. Ənənəvi olaraq, Novruz bayramına hazırlıq bir neçə həftə əvvəl başlayır. İnsanlar evlərini təmizləyir, yeni paltarlar alır,qohumlarını ziyarət edirlər.Novruzun əsas simvollarından biri bolluq,bərəkət rəmzi sayılan səmənidir.Bayram süfrəsinin əsas atributu xonçadır. Xonçada səməni, şamlar, rəngli yumurtalar, şirniyyatlar, qoz, fındıq və meyvələr yerləşdirilir.Novruz bayramında insanlar tonqal qalayır və onun üzərindən tullanaraq pisliklərdən, xəstəliklərdən təmizləndiklərinə inanırlar.Novruz süfrəsində plov, paxlava, şəkərbura, qoğal və digər milli yeməklər yer alır. Novruz bayramına hazırlıq dörd çərşənbədən başlayır və hər biri təbiətin bir ünsürünü simvolizə edir.
Azərbaycan dövləti Novruz bayramına xüsusi önəm verir. Hər il rəsmi tədbirlər keçirilir, prezident və dövlət rəsmiləri bayram münasibətilə xalqa təbrik ünvanlayır. Bayram həmçinin ölkənin multikulturalizm və tolerantlıq siyasətinin bir hissəsi kimi təqdim olunur, çünki Novruz müxtəlif etnik və dini qrupların birlikdə qeyd etdiyi bir bayramdır.
Novruz bayramı həm qədim tarixi, həm də müasir əhəmiyyəti ilə xalqımız üçün xüsusi dəyərə malikdir. O, təkcə baharın gəlişi deyil, həm də birlik, ümid və yenilənmə rəmzidir. Azərbaycanda novruz bayramı dövlət səviyyəsində qeyd etməklə, milli irsini qoruyur və dünyaya təqdim edir.
Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi