
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar. Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır. Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına 2009-cu il sentyabrın 30-da daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyən Ümummilli Lider torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın düşünülmüş siyasəti, ən əsası tarixi faktlara, real məsələlərə əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı – bahar bayramı şərəfinə Azərbaycanın Vətən müharibəsi zamanı erməni işğalından azad edilmiş strateji əhəmiyyətli tarixi Şuşa şəhərində tonqal yandırmaqla qeyd etmişdir.
Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxış edərək deyib: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edib Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.
Aygün Manıyeva,
156 saylı tam orta məktəbin psixoloqu