AnalitikaGündəmMədəniyyət

Milli kimliyin və həmrəyliyin simvolu

Novruz bayramı əsrlər boyu həm bəşəri, həm də milli-mənəvi dəyərləri özündə birləşdirən möhtəşəm bir bayram olmuşdur. Bu bayram təkcə baharın gəlişini deyil, həm də yenilənməni, insanlıq dəyərlərinin qorunmasını və gələcəyə ümidlə baxmağı simvolizə edir. Novruz, sülhü, birliyi, dostluğu və xeyirxahlığı təşviq edən bayram kimi, Azərbaycan xalqının mənəvi zənginliyini və tarixi dəyərlərini yaşadır. Xalqımız Novruzun mahiyyətində olan bu dəyərləri nəsildən-nəslə ötürərək öz kimliyini qoruyub saxlamışdır. Azərbaycan xalqı üçün Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də milli birlik və həmrəyliyin təcəssümüdür. Bayram süfrəsində yığışan insanlar öz keçmişlərinə hörmətlə yanaşır, milli ənənələrini yaşadır və gələcək üçün dualar edirlər. Novruzun əsas fəlsəfəsi olan yenilənmə və təmizlənmə ideyası, xalqımızın hər zaman öz torpağına, mədəniyyətinə və ənənələrinə sədaqətli qalmasını vurğulayır. Bu bayram, həm də müstəqilliyimizi və azadlığımızı qorumaq uğrunda mübarizəmizin mənəvi dayağı olmuşdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasını xalqın ən böyük arzusu kimi qiymətləndirmiş və bu arzunun reallaşacağını vurğulamışdır: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Bu dərin mənalı sözlər Novruz bayramının ruhuna tam uyğundur, çünki bu bayram yalnız təbiətin deyil, həm də insanların ruhən yenilənməsini ifadə edir. 2020-ci ildə Azərbaycanın tarixi Qələbəsi ilə bu arzular gerçəyə çevrildi və xalqımız Novruzu daha böyük ruh yüksəkliyi ilə qeyd etməyə başladı. Azərbaycan üçün Novruz həm də mədəni irsin qorunması və inkişaf etdirilməsi deməkdir. Bayram çərçivəsində keçirilən mərasimlər, xalq oyunları, musiqi və rəqs nümunələri xalqımızın minilliklər boyu yaşatdığı dəyərlərin bir parçasıdır. Azərbaycan torpaqlarının azad olunması ilə bu bayram artıq Qarabağda, Şuşada, Xankəndidə də qeyd edilir. Bu, Novruzun yalnız bir mərasim deyil, həm də milli kimliyimizin əsas sütunlarından biri olduğunu bir daha sübut edir.

Novruz bayramı yalnız Azərbaycan xalqının deyil, geniş coğrafiyada yaşayan bir çox millətlərin ənənəvi bayramıdır. Min illərdir ki, müxtəlif xalqlar Novruzu təbiətin yenilənməsi, baharın gəlişi və birlik rəmzi kimi qeyd edirlər. Lakin müasir dövrdə bu qədim bayramın beynəlxalq səviyyədə tanıdılması və onun mədəni irs kimi qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsləri sayəsində Novruz 2010-cu ildə BMT tərəfindən beynəlxalq bayram kimi tanındı və 21 mart “Beynəlxalq Novruz Günü” elan edildi. Azərbaycanın bu sahədə göstərdiyi səylər UNESCO çərçivəsində də öz bəhrəsini verib. 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu hadisə Novruzun dünya miqyasında tanınması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım oldu. Azərbaycan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kimi ölkələrin birgə təqdim etdiyi bu təşəbbüs sayəsində Novruz yalnız regional deyil, beynəlxalq mədəni irs nümunəsi kimi qəbul olundu.

Azərbaycanın diplomatik və mədəni əlaqələri çərçivəsində Novruzun tanıdılması geniş miqyasda aparılır. Hər il müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və səfirliklərdə Novruz tədbirləri keçirilir. Bu tədbirlər çərçivəsində bayrama aid ənənələr, milli musiqi və mətbəx nümunələri təqdim olunur. Belə təşəbbüslər Azərbaycanın zəngin mədəni irsini tanıtmaqla yanaşı, digər xalqlarla qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə verir. Eyni zamanda, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması Azərbaycan xalqının tarixi və mədəni irsinin dünya miqyasında təbliğinə imkan yaradır. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşa və digər azad olunmuş bölgələrdə keçirilən Novruz tədbirləri bu bayramın yeni mərhələdə qeyd edilməsinə şərait yaradır. Bu tədbirlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı və onun qədim ənənələrini beynəlxalq səviyyədə tanıtmaq üçün xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, Novruz bayramı həm bəşəri, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı kimi xalqımız üçün müqəddəsdir. O, azadlığın, birlik və həmrəyliyin, milli ruhun simvoludur. Azərbaycan xalqı bu bayramı qeyd etməklə öz tarixinə, mədəniyyətinə və gələcəyinə olan sədaqətini bir daha nümayiş etdirir.

Hüseynova Aytac,
Xəzər rayonu, 123 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button