Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramları sırasında Novruz bayramı xüsusi yer tutur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda sərhəd tanımayan türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamıza gətirib çıxaran bəşəri bir bayramdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik inanclarını, folklorunu, milli varlığını, bütün zənginliyi ilə özündə əks etdirən bu bayram həmçinin əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədiyaşarlıq rəmzidir.
Ulu Öndər Heydər Əliyevin Novruz bayramı haqqında səsləndirdiyi fikirlərə nəzər salsaq, bu bayramın əzəmətinin böyüklüyünün bir daha şahidi olarıq: “Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Novruz bayramı, bayram adət-ənənələri eyni zamanda təkcə sadə xalq arasında deyil, həmçinin siyasi arenalarda da qeyd olunur. Beləliklə, Novruz bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və ehtibarlı münasibətlərin tərənnümü, yeni siyasi mədəniyyətdir desək, hec də yanılmarıq.
Qürurla qeyd etmək istərdim ki, bu gün Azərbaycan xalqının qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bu möhtəşəm bayram xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Təbii ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları yetərincə məlumatlıdırlar.Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri xüsusi təqdirə layiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahisına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə xüsusi olaraq həssas münasibətinin bir daha parlaq ifadəsidir. Məhz Mehriban xanım Əliyevanın uğurlu xidmətləri nəticəsində Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmış, həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanidılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.
Artıq bir neçə ildir ki, xalqımız öz əziz bayramını işğaldan azad olunan ərazilərdə böyük sevgi və coşğu ilə qarşılayır, doğma Qarabağımızda, Şuşamızda bayram tonqalları alovlandırılır, yurd yerlərimiz öz əzəli sahibləri tərəfindən dirçəldirilir, bərpa olunur.Təbii ki, bu da hər birimizdə, hər bir Azərbaycan vətəndaşında yüksək fərəh hissi yaradır, qürürlandırır. Məhz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti Rəşadətli Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı-canı bahasına, başlıca olaraq xalqımızın yenilməz birliyi, dövlət başçımızın, qüdrətli rəhbərimizin ətrafında sıx birləşməyimizin nəticəsidir ki, 30 ildən sonra yenidən azad olunan ərazilərimizdə Novruz sevinci yaşanır, müstəqil, qüdrətli Azərbaycan tarixinin ən şanlı dövrünə qədəm qoyur. Necə deyərlər, Qalib yurda bahar gəlir. Bu günlər xalqımız Novruzu yeni sima və imic ilə, tamam fərqli ruhda, fərqli hisslərlə qeyd edir. Xüsusilə,Novruz bayramı günlərində ölkə prezidenti,cənab İlham Əliyevin qalib sərkərdə olaraq Şuşada Cıdır düzündə Novruz tonqalı yandırması fonunda bu zəfərin, qalibiyyətin hər dəfə möhtəşəm şəkildə şahidi oluruq.
Beləliklə “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” deyən, möhtərəm prezidentimiz cənab İlham Əliyev eyni zamanda Azərbaycan xalqının arzularını reallaşdıraraq xalqımızın qüdrətini, yenilməzliyini, müzəffərliyini bütün dünyaya nümayiş etdirir. Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin. Yaz günəşinin şəfəqləri ocaqlarımızı qızdırsın. Yurdumuz əmin-aman, ocaqlarımız yanar, torpağımız bərəkətli olsun!
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li tam orta məktəbin əməkdaşı