
XII Qlobal Bakı Forumu qlobal miqyasda aktual olan məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platformalardandır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq sabiq və hazırkı dövlət və hökumət başçılarının iştirakı onun əhəmiyyətini sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bakı Qlobal Forumu çərçivəsində Euronews televiziyasına müsahibə verib. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, Forumda səslənən fikirlər müxtəlifdir və bu fərqli baxış bucaqları yeni ideyaların formalaşmasına şərait yaradır. Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həlli üçün yeni perspektivlər açır. Dünya nizamı artıq əvvəlki formasında mövcud deyil və yeni qaydaların müəyyənləşdirilməsi prosesi gedir. Beynəlxalq ictimaiyyət hələ də yeni qarşılıqlı əlaqə konfiqurasiyasını tam müəyyən edə bilmir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, ölkələr artıq beynəlxalq hüquqa və xarici yardımlara arxalanmadan, öz daxili imkanlarına güvənməlidir. Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olsa da, məhz daxili resurslarına əsaslanaraq öz inkişaf yolunu müəyyənləşdirib və bu, gələcək üçün də önəmli model olacaq. Qlobal transformasiya dövründə beynəlxalq təşkilatların təsir gücü getdikcə azalır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi beynəlxalq təsisatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə fəaliyyətsiz hala düşüb. Bu səbəbdən də ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan daha çox, ikitərəfli münasibətlərə üstünlük verməyə başlayırlar. Gələcəkdə baş verəcək hadisələr bu tendensiyanın hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək. Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Tarixi münaqişələr və geosiyasi maraqlar bu regionun sabitliyinə daim mane olub.
Cənab Prezidentin də qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür. Dünya nizamının dəyişməsi fonunda hər bir ölkə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərdən asılı olmadan qərar qəbul etməlidir. Dövlət başçımız müsahibəsində Azərbaycanın heç bir beynəlxalq təsisata və ya dövlətə arxalanmadan öz suverenliyini qoruduğunu və uğurlu nəticələr əldə etdiyini vurğulayır. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur. Sabitliyin tam təmin olunması üçün münaqişələr yalnız atəşkəslə deyil, rəsmi sülh sazişləri ilə həll edilməlidir. Azərbaycan-Ermənistan münasibətləri buna nümunədir. İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də ölkələrimiz arasında sülh sazişi imzalanmayıb. Bu baxımdan, bölgədə uzunmüddətli sabitliyin yalnız rəsmi sazişlə təmin oluna biləcəyi aydın görünür. Bu yanaşma təkcə Cənubi Qafqaza deyil, Yaxın Şərq və Afrika kimi münaqişə zonalarına da şamil edilə bilər. Qarabağ münaqişəsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll edilməsi dünya üçün də əhəmiyyətli nümunədir.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı