
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə Cənubi Qafqazdakı qarşıdurmaların tarixi konteksti, mövcud vəziyyəti və gələcək perspektivləri ətraflı şəkildə təhlil edilib. O, bu regionun uzun illər davam edən münaqişələr və geosiyasi qarşıdurmalarla yadda qaldığını, lakin hazırda sülh və sabitlik üçün real imkanların yarandığını vurğulayıb.
Cənubi Qafqaz XX əsrin sonlarından etibarən ciddi münaqişələr meydanı olub. Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi, Rusiyanın bölgədəki geosiyasi maraqları, İranın təsir dairəsi və Qərb dövlətlərinin regiona yanaşmaları buradakı qeyri-sabitliyin əsas amillərindən biri olub. Prezident Əliyev bu çərçivədə Azərbaycanın 30 il işğala məruz qaldığını, beynəlxalq təşkilatların bu problemi həll edə bilmədiyini və nəticədə Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini xatırladıb.
Müsahibədə qeyd edilib ki, Azərbaycan hazırda Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır. Lakin Ermənistanın siyasi dairələrində zaman-zaman revanşist meyillərin müşahidə edilməsi gələcək üçün risklər yarada bilər. Dövlət başçısı bu kontekstdə Azərbaycanın hərbi gücünü və təhlükəsizlik strategiyasını gücləndirdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, bölgədə yeni münaqişələrin baş verməməsi üçün uzunmüddətli təhlükəsizlik mexanizmləri yaradılmalıdır.
Prezident Əliyev sülh sazişinin əsas şərtlərini vurğulayaraq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımasının vacibliyini bildirib. O, Azərbaycanın sülh təşəbbüsü çərçivəsində beş əsas prinsip irəli sürdüyünü və bu prinsiplərin beynəlxalq hüquqa əsaslandığını diqqətə çatdırıb. Bu prinsiplərdən ən önəmlilərindən biri qarşılıqlı ərazi iddialarından imtina və regional kommunikasiyaların açılmasıdır.
Bundan əlavə, Azərbaycan regionda iqtisadi layihələr və nəqliyyat kommunikasiyalarının bərpası ilə sülh prosesini dəstəkləməyə çalışır. Xüsusilə, Zəngəzur dəhlizi və digər strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazın iqtisadi inteqrasiyasına mühüm töhfə verə bilər.
Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan Cənubi Qafqazda sabitlik və inkişaf naminə münaqişələrin birdəfəlik həllini istəyir. O, sülh sazişinin reallaşmasının Ermənistanın siyasi iradəsindən asılı olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyəti obyektiv mövqe tutmağa çağırıb. Azərbaycanın regional siyasəti isə əsasən təhlükəsizlik, iqtisadi inkişaf və diplomatik həll yollarına əsaslanır.
Bu müsahibə bir daha sübut edir ki, Cənubi Qafqazın gələcəyi üçün qarşıdurma deyil, əməkdaşlıq modeli qurulmalıdır. Bunun üçün isə Ermənistanın siyasi kursunda dəyişikliyə və beynəlxalq güclərin ədalətli vasitəçiliyinə ehtiyac var.
Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı