
Martın 13-də XII Qlobal Bakı Forumu zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Cənab Prezident artıq 12-ci ildir ki, keçirilən Qlobal Bakı Forumunun builki nəticələri ilə bağlı gözləntilərini qeyd edərək dedi: “Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”.
Prezident çıxışı zamanı həmçinin regionda baş verən dəyişikliklərlə bağlı mövqeyini qeyd edərək ətrafımızda baş verən böhranlardan regionumuzun qorunmasının vacib məsələ olduğunu da qeyd etmişdir. Cənubi Qafqazın onilliklər ərzində qarşıdurma və düşmənçilik bölgəsi olduğunu təəssüfl hissi ilə qeyd edən prezident hazırda nisbətən sakit dövrdə yaşadığımızı və diqqətimizi buna yönəltməli olduğumuzu qeyd edib.
Cənab Prezident İlham Əliyev, gələcəyə baxış etsək qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz sualına cavab verərək bu məsələdə o qədər də nikbin olmadığını, realist olmağa üstünlük verdiyini söylədi. Onun sözlərinə görə növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımız real düşüncə deyil. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur.
Prezident otuz il ərzində bizdə – Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının var olduğunu və bu razılaşmaya 1994-cü ilin yazında nail olunduğunu qeyd edərək əlavə etdi: “Bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. İndiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu,beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.
Çıxışıma nəzər salsanız görərsiniz ki, baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm deyərək, Cənab Prezident qeyd edir: – Çıxışımda dediyim kimi, ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Vüsalə Abdullayeva
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi