
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumu çərçivəsində nüfuzlu beynəlxalq media qurumlarından biri olan “Euronews” televiziyasına müsahibə verib. Müsahibədə Azərbaycan Respublikasının son illərdə əldə etdiyi nailiyyətlər, ölkənin xarici siyasət prioritetləri, enerji strategiyası, iqtisadi inkişaf istiqamətləri və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib.
Bu müsahibə Prezident İlham Əliyevin Azərbaycanın gələcək inkişaf yolunu, qlobal siyasətdə oynadığı rolu və ölkənin regional təhlükəsizliyə verdiyi töhfələri bir daha beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əhəmiyyətli bir fürsət oldu. Prezident İlham Əliyev müsahibəsində XII Qlobal Bakı Forumunun dünya siyasətində mühüm hadisə olduğunu vurğuladı. Forumun 50-dən çox sabiq və hazırkı dövlət və hökumət başçısını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış siyasətçiləri, ekspertləri və akademikləri bir araya gətirdiyini qeyd etdi.
Eyni zamanda, müsahibədə Azərbaycanın enerji siyasəti geniş şəkildə müzakirə olundu. Prezident İlham Əliyev ölkənin zəngin neft və qaz ehtiyatlarına malik olmasının təkcə iqtisadi deyil, həm də geosiyasi üstünlük yaratdığını vurğuladı. Azərbaycan bu enerji resurslarından səmərəli istifadə edərək iqtisadi dayanıqlılığını təmin edir və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir.
Ölkəmiz son illərdə enerji diplomatiyasında mühüm irəliləyişlər əldə edib. Xüsusilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayaraq, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünü artırıb. Prezident İlham Əliyev Azərbaycanın bu sahədə Avropa ilə strateji tərəfdaşlıq əlaqələrinin gücləndiyini və yeni enerji layihələrinin həyata keçirildiyini bildirdi.
Bununla yanaşı, Prezident Azərbaycanın yaşıl enerji layihələrinə də xüsusi diqqət yetirdiyini vurğuladı. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması ölkənin alternativ enerji mənbələrinə keçid prosesini sürətləndirmək məqsədilə atdığı mühüm addımlardandır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi Azərbaycanın ekoloji dayanıqlılığına və iqtisadi inkişafına müsbət təsir edəcək.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın regionda sülh və sabitliyi təmin etmək üçün apardığı siyasətdən bəhs etdi. Xüsusilə 2020-ci ildə Vətən müharibəsindən sonra ölkənin Qarabağda həyata keçirdiyi bərpa və quruculuq işlərinə toxundu. Prezident bildirdi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir. Yeni yollar, hava limanları, su və enerji infrastrukturunun yenidən qurulması, şəhər və kəndlərin bərpası bu layihələrin əsas istiqamətlərindəndir. Artıq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün lazımi şərait yaradılır.
Müsahibənin sonunda Prezident İlham Əliyev Azərbaycanın qlobal arenada artan nüfuzundan və gələcək hədəflərindən danışdı. O bildirdi ki, Azərbaycan iqtisadi inkişafı və enerji strategiyası ilə yanaşı, həm də beynəlxalq diplomatiyada daha aktiv rol oynamağa hazırdır. Azərbaycanın gələcək hədəfləri arasında iqtisadi şaxələndirmə, innovasiyalar və yüksək texnologiyalar sahəsində inkişaf, yaşıl enerji sektorunun genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi yer tutur.
Prezidentin mesajları Azərbaycanın təkcə regional deyil, həm də qlobal səviyyədə strateji əhəmiyyətə malik olduğunu və dünya siyasətində öz mövqeyini möhkəmləndirmək niyyətində olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini və ölkənin qlobal məsələlərdə mühüm oyunçuya çevrildiyini bir daha təsdiqlədi. Azərbaycan enerji, diplomatiya, iqtisadi inkişaf və regional təhlükəsizlik sahələrində ardıcıl və düşünülmüş siyasət həyata keçirərək dünya siyasətində öz yerini möhkəmləndirir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi