
2025-ci il martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüfuzlu beynəlxalq media qurumu olan “Euronews” telekanalına müsahibə verib. Bu müsahibədə dövlət başçısı Azərbaycanın daxili və xarici siyasəti, regional təhlükəsizlik, iqtisadi inkişaf, enerji siyasəti və ekoloji strategiyalar kimi mühüm mövzulara toxunub.
Prezidentin açıqlamaları, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və gələcək hədəfləri ilə bağlı əhəmiyyətli mesajlar verdi. Prezident İlham Əliyev çıxışında, müsahibənin keçirildiyi XII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, bu forumda 50-dən çox hazırkı və keçmiş dövlət və hökumət başçısı iştirak edir. Forumun əsas məqsədi qlobal təhlükəsizlik və sülhün təmin olunması üçün aparılan müzakirələrə töhfə verməkdir.
Cənab İlham Əliyev dünyada mövcud geosiyasi vəziyyətin qeyri-sabit olduğunu və beynəlxalq hüququn selektiv şəkildə tətbiq edilməsinin qlobal nizamı sarsıtdığını qeyd etdi. Onun sözlərinə görə, beynəlxalq təşkilatların qərarlarının icrası təmin olunmadığı üçün dövlətlər getdikcə ikitərəfli münasibətlərə üstünlük verməyə başlayır.
Azərbaycanın beynəlxalq hüququn ədalətsiz tətbiqindən əziyyət çəkdiyini xatırladan Prezident, 30 ilə yaxın müddətdə ölkənin ərazi bütövlüyünün pozulduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini vurğuladı. Lakin Azərbaycan öz gücü və daxili resursları hesabına 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməyi bacardı. Müsahibədə Ermənistan-Azərbaycan münasibətləri geniş müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın sülh təşəbbüsləri çərçivəsində Ermənistana təqdim etdiyi beş prinsip beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.
O, Ermənistanla imzalanması planlaşdırılan sülh sazişinin regionda sabitliyə və əməkdaşlığa mühüm töhfə verəcəyini vurğuladı. Prezident Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının zəruriliyini qeyd edərək, onların hüquq və təhlükəsizliyinin tam şəkildə təmin ediləcəyini bildirdi.
Azərbaycanın müharibə dövründə və sonrakı dövrdə yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək niyyətində olduğunu vurğulayan Prezident Əliyev, növbəti hərbi qarşıdurmaların qarşısını almaq üçün effektiv mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf modelini geniş izah etdi. O bildirdi ki, son 20 il ərzində Azərbaycanın ÜDM-i dörd dəfə artıb, yoxsulluq səviyyəsi isə 50 faizdən 5,5 faizə enib.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyev Azərbaycanın əsas iqtisadi resurslarının hazırda qeyri-neft sahəsinə və texnologiyaya yönləndirildiyini vurğuladı.
Dövlət başçısı, ölkənin beynəlxalq enerji bazarlarında mühüm tərəfdaş kimi rolunu artırdığını və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe qazandığını qeyd etdi. Prezident İlham Əliyev müsahibədə Azərbaycanın enerji siyasətinə xüsusi diqqət ayırdı. O bildirdi ki, Azərbaycan artıq bərpaolunan enerji sahəsində mühüm addımlar atır və bu istiqamətdə strateji tərəfdaşlarla əməkdaşlığa böyük önəm verilir.
“Masdar” və digər beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində Azərbaycanın bərpaolunan enerji potensialının genişləndirilməsi istiqamətində ciddi işlər aparılır. Orta perspektivdə 10 qiqavat, 2030-cu ilədək isə 5 qiqavat gücündə bərpaolunan enerji istehsalının reallaşdırılması planlaşdırılır.
Azərbaycanın ekologiya sahəsində beynəlxalq təşəbbüslərdə fəal iştirakına toxunan Prezident Əliyev, COP29-un Bakıda keçirilməsinin ölkə üçün mühüm hadisə olduğunu qeyd etdi.
O bildirdi ki, Azərbaycanın yaşıl enerji sahəsində hədəfləri yalnız daxili bazarla məhdudlaşmır; ölkə eyni zamanda region dövlətləri ilə enerji dəhlizləri yaratmaq və yaşıl enerjini Avropaya ixrac etmək üçün genişmiqyaslı layihələr üzərində işləyir.
Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi bu müsahibə Azərbaycanın beynəlxalq siyasəti, enerji strategiyası və regional təhlükəsizlik məsələlərindəki mövqeyini açıq şəkildə ortaya qoydu.
Bu çıxış, Azərbaycanın güclənən iqtisadiyyatı, enerji təhlükəsizliyi və regionda sülhə verdiyi töhfələr baxımından mühüm mesajlar verdi. Prezident Əliyevin bu müsahibədə səsləndirdiyi fikirlər, ölkənin qlobal səhnədə artan rolunu və sabit gələcək üçün atdığı strateji addımları vurğulamaq baxımından əhəmiyyətli idi.
İbrahimli Tamella,
YAP-ın gənc faəlı