AnalitikaGündəmSəhiyyə

Zərifə xanım tibb elminə, xüsusilə də deontologiya sahəsinə böyük töhfələr vermişdi

Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya bəslədiyi qayğı və məhəbbətin həssaslığı xatirələrdə dərin iz qoymuşdur. Zərifə xanımın ixtisası – həkimlik haqqında Heydər Əliyevin maraqlı  düşüncələri vardı. Həkimlikdə, tibb elmində deontologiya – həkimliyin mənəvi xüsusiyyətlərini o, Hippokrat andı ilə bağlayırdı. Hər bir peşə sahibinin ali təhsili bitirdikdən sonra sərbəst olaraq mütəxəssis kimi fəaliyyətə başladığını deyən Heydər Əliyev həkimlərin hamıdan fərqli olaraq, Hippokrat andı içdiklərini söyləyirdi. Bu and ömürlərinin və həkimlik fəaliyyətinin sonuna qədər onların çiyinlərinə böyük məsuliyyət, ağır yük qoyurdu. Heydər Əliyev deyirdi” Həkimlik bütün başqa peşələrdən fərqli bir sənətdir, fərqli bir sahədir – həkimlik sahəsi. Ona görə də həkim gərək həqiqi həkim olsun, bunun üçün gərək onun mükəmməl həkimlik biliyi olsun, yaxud təcrübəsi olsun və xəstənin diaqnozunu düzgün qoya bilsin, onun müalicəsinin yollarını düzgün müəyyən edə bilsin. Amma eyni zamanda, həkim gərək böyük insan olsun, həkim gərək yüksək mənəviyyata malik insan olsun. Həkim öz insani keyfiyyətləri ilə bütün başqa peşə sahiblərindən daha da yüksəkdə durmalıdır”.

Heydər Əliyev Zərifə xanımın həkimliyini, öz üzərində işləməsini bəyənirdi; çoxlarının gözünə işıq verən Zərifə xanım böyük elmi fəaliyyətlə məşğul olur, elmi əsərlər yazırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayanda ilk ili insanların mənəvi keyfiyyətlərinin daha da yüksəlməsi üçün çalışdığı zaman Zərifə xanımın da onunla birgə mübarizə apardığını – deontologiya (həkimliyin mənfi xüsusiyyətləri) ilə bağlı kitab yazdığını, SSRİ-nin bir çox şəhərlərində elmi konfranslarda məruzələr etdiyini yüksək qiymətləndirirdi. Ulu Öndər bilirdi ki, “xalqın sağlamlığı ayrı-ayrı adamların ya da böyük bir qrupun sağlamlığı deyil. Xalqın sağlamlığı xalqın kütləvi sağlamlığıdır, yəni xalqın hamısının sağlam olmasıdır”. Zərifə Əliyeva göz müalicəsindən başqa, ilk dəfə deontologiyanı elm kimi ortaya qoymuş, həmçinin qohumluq əlaqələri olan nikahın gələcək nəsillər üçün təhlükəli olduğunu göz xəstəliklərində tapmışdı.

Zərifə xanım həkim fəhmi ilə ömrünün son dəqiqələrini yaşayanda belə Heydər Əliyevi unutmamış, keçindiyi günün axşamı ona “Məndən nigaran qalma, uşaqlardan muğayat ol və yadında saxla ki, mən səni çox sevirəm” sözləri  yazılmış bir məktubu əbədi ayrıldığını bildiyindən vermişdi.

Zərifə xanımın xatirəsinə heykəltəraş, xalq rəssamı Ömər Eldarovun həsr etdiyi “Elgiya” əsərinin – mərmər abidənin açılışındakı çıxışında Heydər Əliyevin oftalmoloq alimin itkisindən duyduğunu gizlətməmiş, onun yüksək mənəviyyat sahibi oduğunu vurğulamışdır”. Hər bir insan da, ailə də özünün daxili mənəviyyatına yaxud xüsusiyyətinə uyğun olaraq, ailədə baş vermiş faciəyə, bədbəxt hadisəyə yaxud itkiyə öz münasibətini bildirir. Ümumiyyətlə, ailəmiz çox həssas ailə olduğuna görə Zərifə xanımın vəfatı bizim üçün çox ağır                     olmuşdur”.

Təsadüfi deyil ki, onu tanıyanlar köçəndən sonra “Sənsiz günəşsiz qaldı günlər” deyirdilər. Zərifə xanım bir günəş idi – ailəsini, sənətini, millətini hərarəti ilə isidən, ona işıq verən, nur paylayan bir günəş.

Heydər Əliyev onun xatirəsini anarkən həmişə sədaqətli həyat yoldaşı, çox mehriban, şəfqətli ana, ailəsini, uşaqlarını, nəvələrini yaşadan, böyüdən bir fədakar insan kimi xatırlayırdı.  Azərbaycan tarixi və ictimai həyatında da Zərifə xanımın əziz xatirəsi Ulu Öndərin ömür-gün yoldaşı,  sədaqətli qadın və həkim-oftalmoloq kimi yaşayır.

Könül Həsənova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya üzrə fəlsəfə doktoru, dosent 

Oxşar Xəbərlər

Back to top button