
Azərbaycan tibb elminin parlaq simalarından biri olan Zərifə Əziz qızı Əliyeva öz şərəfli ömrünü insanların sağlamlığına, elmin inkişafına və gələcək nəsil həkimlərin yetişməsinə həsr etmiş görkəmli oftalmoloq alim, ictimai xadim və insani dəyərlərin daşıyıcısı idi. Onun zəngin elmi irsi və insani keyfiyyətləri bu gün də dərin hörmət və ehtiramla yad edilir.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan şəhərində, Azərbaycanın tanınmış dövlət xadimi, Əziz Əliyevin ailəsində anadan olmuşdur. Ailəsi ona yüksək mənəvi və intellektual dəyərlər aşıladı. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həkim diplomu almışdır.
Elə tələbəlik illərindən o, oftalmologiyaya – göz xəstəliklərinin müalicəsinə böyük maraq göstərmişdir. Daha sonra aspirantura təhsili alaraq elmi fəaliyyətə başlamış, tezliklə bu sahənin tanınmış mütəxəssislərindən birinə çevrilmişdir. Zərifə Əliyeva ömrünün böyük hissəsini göz xəstəliklərinin öyrənilməsinə və onların müalicəsi yollarının araşdırılmasına həsr etmişdir. Onun elmi fəaliyyəti xüsusilə peşə patologiyası sahəsində əhəmiyyətli olmuşdur. Zərifə Əliyeva görmə orqanının peşə xəstəlikləri üzrə bir çox fundamental tədqiqatlar aparmış və bu sahədə ilk monoqrafiyaların müəllifi olmuşdur. Onun “Peşə patologiyasının oftalmoloji aspektləri” adlı əsəri bu sahədə mühüm elmi mənbələrdən biri hesab olunur.
Zərifə Əliyeva SSRİ dövründə ilk qadın alimlərdən biri olmuşdur ki, akademik səviyyəsində tibb elminin inkişafına töhfə vermişdir. O, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bir çox beynəlxalq konfransların iştirakçısı və tibb ictimaiyyətinin hörmətli üzvü idi. O, yalnız elmi tədqiqatlarla məşğul olmaqla kifayətlənməmiş, gənc həkimlərin yetişdirilməsində də fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə çoxsaylı elmi işlər, dissertasiyalar yazılmış, yüzlərlə tələbə onun əməyi nəticəsində oftalmologiya sahəsində mütəxəssis kimi formalaşmışdır.
Bu möhtəşəm qadın eyni zamanda səhiyyənin təşkilatlanmasında da əvəzsiz xidmətlər göstərmişdir. Onun təşəbbüsü ilə bir sıra klinikalar və ixtisaslaşdırılmış göz xəstəxanaları yaradılmış, müasir diaqnostika və müalicə metodları tətbiq olunmuşdur. O, təkcə peşəkar həkim kimi yox , həm də ailəsinə bağlı, qayğıkeş ana və vəfalı həyat yoldaşı idi. Onun həyatında ailə dəyərləri ilə peşəkar uğurların vəhdəti xüsusi yer tuturdu. O, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası, həm də Azərbaycan qadınının müdrik, təmkinli simasını təmsil edən bir örnək idi.
Ulu Öndər Heydər Əliyev üçün Zərifə Əliyeva təkcə həyat yoldaşı deyil, həm də ən yaxın dost, etibarlı sirdaş, mükəmməl ana, mənəvi dayağ idi. Onun haqqında danışarkən Heydər Əliyev tez-tez deyərdi: “Zərifə mənim ömrümün mənası idi. Onunla həyatım işıqlı, mənalı və sevgi dolu oldu. O, yalnız yaxşı alim deyildi, eyni zamanda, mənəvi cəhətdən çox zəngin bir insan idi.” Heydər Əliyev Zərifə xanımın əziz xatirəsini daim uca tutmuş, onun adının yaşadılması üçün bir çox təşəbbüslər irəli sürmüşdür.
2023-cü il, Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan bir tarix oldu. Zərifə Əliyevanın 100 illik yubileyi respublika səviyyəsində geniş qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu yubiley münasibətilə tədbirlər planı hazırlanmış və bir sıra konfranslar, sərgilər, elmi sessiyalar təşkil edilmişdir. Zərifə xanımın adını daşıyan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu yubiley münasibətilə bir sıra yeniliklərə imza atdı, müasir texnologiyalarla təchiz olundu. Həmçinin, yubiley çərçivəsində Zərifə Əliyeva Fondu tərəfindən maarifləndirmə tədbirləri, tibbi aksiyalar keçirildi və onun irsi geniş ictimaiyyətə təqdim edildi.
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz izlər qoymuş, öz müdrikliyi, zəhmətkeşliyi, insanlara olan sevgisi ilə xalqın yaddaşında əbədiyaşar bir şəxsiyyət kimi qalmışdır. Onun həyatı və fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki dərin elmi irsi gələcək nəsil həkimlərə örnəkdir. Zərifə Əliyeva yalnız bir alim deyil, həm də vətəninə, xalqına sədaqətlə xidmət etmiş müdrik Azərbaycan qadını idi.
Səfərova Ülviyyə,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi