
Azərbaycan və Gürcüstan dostluq, mehribanlıq sülh şəraitində yaşayan iki qonşu dövlətdir. Dövlətlərarası əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və bu əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək marağındadır. Xüsusilə, dövlətlərin enerji və nəqliyyat sahələrində birgə reallaşdırdığı layihələr nəinki iki ölkənin əməkdaşlığına xidmət edir, hətta region hüdüdlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.
Azərbaycan-Gürcüstanın ikitərəfli əlaqələri BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlarda da əməkdaşlığına geniş şərait yaradır, ölkərimizin bir-birinin milli maraqları ilə bağlı məsələlərinə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Bu münasibətlər çərcivəsində dəfələrlə dövlət başçıları qarşılıqlı səfərlər etmiş və müxtəlif bəyanatlarla çıxış etmişlər. Cənab prezident İlham Əliyev Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfər etmişdir. Son səfərini 2023-cü ilin 8 oktyabr tarixində etmişdir. Qarşılıqlı şəkildə Gürcüstan prezidenti Salome Zurabişvili ölkəmizə 1 rəsmi, 1 işgüzar səfər etmişdir. İki ölkə arasında 119 sənəd imzalanmışdır. Gürcüstan prezidenti Mixeil Kavelaşvili 16 aprel 2025-ci il tarixində Azərbaycana səfər etmişdir. Qarşılıqlı görüşdə cənab prezidenti İlham Əliyev mətbuat qarşısında bəyanatlarla çıxış etmişdir.
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.
Cənab prezident İlham Əliyevin çıxışı xüsusi diqqət və maraqla dinlənilmiş, ölkələrarsı münasibətlərin daha da genişlənəcəyinə və birgə layihələrin həyata keçiriləcəyinə dair xüsusi zəmin yaratmışdır.
Aytən Məmmədova,
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin Coğrafiya müəllimi