
Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Bu dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar.
XII əsrdə Şirvanşahlar dövləti və XVIII əsrin II yarsında Cənubi Qafqazda yaranan xanlıqların dövründə gürcülərlə münasibətlər heç də birmənalı olmamışdır. Ancaq bu münasibətlər çərçivəsində müvəqqəti ittifaqlar da yaranmışdır. XIX əsrdə Şimali Azərbaycanın və Gürcüstanın bəzi əraziləri Rusiyaya ilhaq edildən sonra bu iki xalq arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1846-cı ildə Tiflis quberniyası təşkil edildi. Bundan bir müddət sonra 1880-ci ildə quberniyanın tərkibində əhalisi əsasən azərbaycanlılardan ibarət olan Borçalı qəzası yaradıldı.
XX əsrin əvvəllərində Azərbaycan-Gürcüstan əlaqələri öz dirçəliş dövrünü yaşamışdır. Gürcü xalqının görkəmli nümayəndələri və azərbaycanlı maarifçilər arasında dostluq münasibətləri, onların açdığı məktəblər, buraxdığı qəzetlər, yazdığı əsərlər hər iki xalqın müstəqillik qazanmasında mühüm rol oynamışdır.
1917-ci ilin fevralında Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqaz nümayəndələri əvvəlcə Zaqafqaziya komitəsinin tərkibə daxil olmuş, lakin oktyabr çevrilişindən sonra onlar Zaqafqaziya Seymi təşkil etmişdilər. 1918-ci ilin mayında Gürcüstan və Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.
1918-ci iyunun 4-də Batumda Osmanlı dövləti ilə danışıq aparan Azərbaycan və Gürcüstan nümayəndələri Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması haqqınsa saziş imzalamışlar. 1918- ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mərkəzi Tiflisdən Gəncəyə köçdükdən sonra AXC höküməti Məmməd Yusif Cəfərovu Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi təyin etmişdir. 1918-1920-ci illər ərzində Azərbaycan və Gürcüstan arasında çoxsaylı sazişlər, müqavilələr və konvensiyalar imzalanmışdır. Sovet hakimiyyəti illərində də hər iki respublika arasında iqtisadi və mədəni əlaqələr daim inkişaf etmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin xarici siyasət sahəsində ilk addımlarından biri məhz Azərbaycan-Gürcüstan münasibətlərini nizama salmaq oldu. İkitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-ci il martın 8-10-da Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlamışdır. Həmin səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq , Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsi haqqında sazişlər imzalanmışdır. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlamışdır.
1998-ci il sentyabrın 7-8-də keçirilmiş tarixi İpək yolunun bərpası üzrə təşkil olunmuş Beynəlxalq konfransın işində iştirak etmək üçün Gürcüstan prezdentinin Bakıya rəsmi səfəri, sərhəddə yeni körpünün və Bakı- Supsa neft kəmərinin açılışı mərasimində Azərbaycan və Gürcüstan prezdentlərinin iştirak etmələri qarşılıqlı əlaqərin möhkəmlənməsinə təkan vermişdir.
1999-cu il noyabrın 18- də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində “Bakı-Tblisi-Ceyhan əsas neft boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları ərazilərindən xam neftin nəqli haqqında” sazişin imzalanması əməkdaşlıq və Avropaya inteqrasiyası sahəsində ciddi addımlar atılmış oldu. Həmçinin 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan əsas neft kəməri- Bakı Tblisi-Ceyhannın təməli qoyuldu.
2004-cü ildə Cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatının yaradılması haqqında sazişlər imzalanmışdır. 2007-ci ildə Bakı-Tblisi- Qars dəmiryolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçirilmişdir. 2014-ci il 6 may tarixində Tblisidə üçtərəfli sammit keçirilmişdir. Tədbirdə Bakı- Tblisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin əhəmiyyəti qeyd edilmiş, Bakı-Tblisi-Qars dəmiryolu layihəsinin uğurla həyata keçirilməsindən məmnunluq hissi ifadə olunmuşdur.
Hazırda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri əhatə edir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daim bir-birini dəstəkləyib. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Sevda Kamilova,
Bilgəh qəsəbəsi, 142 nömrəli məktəbin tarix müəllimi