AnalitikaGündəmSiyasət

MİLLİ-MƏNƏVİ BİRLİK MƏSƏLƏLƏRİ HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ TƏMƏLİDİR

Azərbaycan xalqı  milli və bəşəri dəyərlərə malikdir. Xalqın yetişdirdiyi şəxsiyyətlər sırasında elələri var ki, onlar həm milli, həm də bəşəri dəyərləri qoruyub saxlamaqla, onu zənginləşdirməklə və inkişaf etdirməklə misilsiz xidmətlər göstərmişlər. Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti buna misaldır. Ağlı və zəkası, mənəvi xisləti, ümumbəşəri keyfiyyətləri ilə xalqına müstəqillik bəxş edən Heydər Əliyev bütün nəsillər üçün əbədiyyət simvoluna çevrilmişdir. Onun həyatda, ictimai-siyasi və elmi fəaliyyətində sübut olunmuş şəxsiyyət bütövlüyü, vətənpərvərlik qayəsi, azərbaycançılıq şüuru, təmiz və saf əqidəsi, dövlətçilik idealları milli-mənəvi dəyərlərlə vəhdət təşkil etmişdir. O deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli- mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Həyatı ilə yanaşı, canından artıq sevdiyi Azərbaycanın tərəqqisini, yüksəlişini  o, mədəni-mənəvi, bədii-estetik dəyərlərə sahib çıxmasında, intellektində görürdü. O bilirdi ki, bir millətin, xalqın taleyi və gələcəyi tərbiyədədir. Ailədən gələn tərbiyənin təhsil müəssisəsində, ictimai təşkilatlarda   davam etdirilməsi, elmi-metodik əsaslarla qurulması və inkişaf etdirilməsini Ulu  Öndər borc və məsuliyyət hissi kimi qiymətləndirirdi.

Ümummilli lider Azərbaycanın gələcəyini gənclərin həyata yaxşı hazırlanmasında görürdü. Onun fikrincə, xalqın fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın təhsil alan gənc nəslinin gələcəyə hərtərəfli hazırlaşmasına təminat verir. Heydər Əliyev deyirdi: “Bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdır ki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin”.

Hakimiyyətdə olduğu illərdə Ulu Öndər xalqın mənəvi və əxlaqi birliyinin  təmin edilməsini bir çox sosial-siyasi məsələlərin reallaşdırılması kimi görürdü. Cəmiyyətdə tarazlığın pozulmaması, vətəndaş həmrəyliyi, insanlar arasında birlik və doğruluq, əqidə bütövlüyü üçün milli ənənələrin, mənəvi dəyərlərin tərbiyəsini, eyni zamanda ümumbəşəri dəyərlərdən istifadəni Heydər Əliyev xüsusilə gənc nəslin qarşısında bir vəzifə olaraq qoyurdu: “Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, yaşadıbdır. Mənəvi paklıq, saflıq  həmişə insanları ucaldıbdır, həmişə insanlara hörmət gətiribdir. Ola bilər, belə insanlar əziyyət, zillət içərisində yaşayıblar. Ola bilər, cürbəcür məhrumiyyətlərə məruz qalıblar. Ancaq mənəvi ucalıq onlar üçün hər bir şeydən qiymətli olubdur. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrmiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdiribdir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq    olmalıdır. Bizim kökümüz çox sağlam kökdür və biz onunla fəxr edirik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir”.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideya-siyasi fəaliyyətinin amalını, məramını azərbaycançılıq məfkurəsi təşkil edirdi. O hər addımında, hər əməlində Azərbaycanı düşünür, nədən danışır danışsın, ona müstəqil Azərbaycanın mirası kimi yanaşırdı. Dünya azərbaycanlılarının I qurultayında Ulu Öndər öz qayəsini belə ifadə etmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. …Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq fəlsəfəsi Ulu Öndərin siyasi fəaliyyətini, milli dövlətçilik   ideologiyasını, dil, ədəbiyyat, tarixi keçmiş, milli-mənəvi dəyərlər isə onun mənbələrini təşkil edir. Xüsusilə mənəviyyat, mənəvi tərbiyə, mənəvi paklıq, mənəvi yüksəliş məsələləri onun ideya-nəzəri irsində dönə-dönə vurğulanmışdır. Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Hakimiyyətinin ikinci mərhələsində isə onun çıxışlarının, məruzə və nitqlərinin leytmotivini birbaşa mənəviyyat problematikası təşkil etmişdir.

Ölkəni acınacaqlı vəziyyətdə görən Ulu Öndər rəhbər kimi taleyüklü      məsələlərin həllində üstünlüyü milli-mənəvi birliyə, milli həmrəyliyə, cəmiyyətin   siyasi quruluşunun sabitliyinə verirdi. “Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın – azərbaycançılığın əsası qoyulmuşdur. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur”.

Azərbaycan xalqının yüksək dəyərlərindən biri də zəngin milli tərbiyə sisteminə malik olmasıdır. Əsrlər boyu bu sistem elmi-pedaqoji nəzəriyyəsiz milli düşüncəyə, milli təfəkkürə malik, vətənpərvər, mübariz ruhlu insanlar yetişdirmiş, bu gün də milli ideoloji düşüncəyə malik, azərbaycançılıq   məfkurəsini mənimsəyən, dərk edən və öz fəaliyyətini bu təməllər üzərində qura bilən şəxsiyyətlər yetişdirməyə xidmət edir.

İnsanın bütün ömrü boyu davam edən bir proses olaraq, tərbiyə, o cümlədən milli tərbiyə nəyi öyrətməyi, necə öyrətməyi, hansı dəyərlərə yiyələnməyi əsas götürür. Bu mənada mənəviyyat, mənəvi dəyərlər və onların qorunması Ulu Öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Ailədən gələn tərbiyənin təhsil müəsssisəsində, ictimai təşkilatlarda elmi-metodik   əsaslarla qurulması və inkişaf etdirilməsini o, borc və məsuliyyət hissi kimi qiymətləndirirdi. Gənclərin mənəvi tərbiyəsinin düzgün təşkil olunması və bu istiqamətdə işin gücləndirilməsi, cəmiyyətdə baş verən neqativ halların aradan qaldırılması yolları ilə bağlı Heydər Əliyevin söylədiyi qiymətli fikirlər xalqın, millətin, cəmiyyəti birliyində həmişə aparıcı yer tutmuşdur.

Heydər Əliyevin ideya-nəzəri irsində milli-mənəvi birlik siyasi, fəlsəfi, sosioloji aspektdən diqqəti cəlb edir. Milli şüur, milli özünüdərketmə, milli ləyaqət və qürur, tarixi birlik vəhdətdə götürülür. Bütün bunların hamısına Ulu Öndər azərbaycançılıq məfkurəsi prizmasından yanaşırdı. O bilirdi ki, milli-mənəvi birlik Azərbaycan xalqının sabaha, gələcəyə uğurla adddımlamağını, xalqın vahidliyini, millətin, cəmiyyətin dəyərlər sistemini formalaşdıran əsas amildir.

Heydər Əliyev milli tərbiyənin komponentlərindən biri kimi Vətənə, xalqa  xidməti vətəndaşlıq borcu sayırdı. Həyatı boyu vətənə, ölkəyə, xalqa xidmət edən   Ulu Öndər bu xidməti həyatının mənası bilirdi. Çünki azərbaycançılıq   ideologiyasının əsasında da milli tərbiyə sistemi dayanır.

Bu gün dünyada gedən kürəselləşmə və inteqrasiya prosesində hər xalqın öz tarixi, milli-mənəvi dəyərlərini, mədəni irsini, ədəbiyyatını, mədəniyyət və incəsənətini qorumasında ən güclü silah ideologiyadır. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycan xalqının, onun mənəvi dəyərlərinin dünyaya inteqrasiyasını təmin edəcək təməl daşıdır. Maddi-mədəni irsimizin qorunması və təbliği, mənəvi dəyərlərin, xalqın soykökünə bağlı adət-ənənələrin gələcək nəsillərə miras olaraq ötürülməsi dövlətçiliyimizin təməlini təşkil edir. Heydər Əliyevin milli-mənəvi birliyə dair nəzəri irsindən bəhrələnmək hər birimiz üçün mənəvi tələbata çevrilsə, azərbaycançılıq ideologiyası və mənəviyyat daha da formalaşıb möhkəmlənər.

Könül HƏSƏNOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

Qabaqcıl təhsil işçisi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Oxşar Xəbərlər

Back to top button