AnalitikaGündəmSiyasət

Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilir

“Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Keçmiş SSRİ dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsa da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

O bildirib ki, “hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyən ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı: “Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən rəşadətli Azərbaycanın Ordusu şanlı parlaq Qələbəni təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi”.

“Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyan Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə etiraf olundu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilən Azərbaycan Ordusu yaranmasının 107-ci ildönümünü qeyd edir: “Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb”.

Oxşar Xəbərlər

Back to top button