
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycanın müasir tarixi üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri oldu. Bu səfər təkcə yeni infrastruktur layihələrinin açılışı deyil, həm də Böyük Qayıdış Proqramının praktiki həyata keçirilməsinin bariz göstəricisi idi. Dövlət başçısı Kəlbəcər şəhərinin yenidən qurulması, burada yaradılan sosial və iqtisadi şərait, eyni zamanda gələcək inkişaf istiqamətləri barədə ətraflı çıxış etdi.
Prezident çıxışında qeyd etdi ki, dövlət Kəlbəcər sakinləri üçün gözəl şərait yaradıb və Kəlbəcər şəhəri dünyanın ən mənzərəli şəhərlərindən birinə çevrilməkdədir. Artıq birinci yaşayış kompleksində sakinlər evlərlə təmin olunub, amma inşaat işləri bununla bitmir. Yaxın gələcəkdə digər yaşayış komplekslərinin də istifadəyə verilməsi ilə daha çox insan öz yurd-yuvasına dönəcək. Birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və həmin binalarda 10 mindən çox insan məskunlaşacaq. Bu, həm əhalinin normal yaşayışı üçün, həm də bölgənin sosial inkişafı baxımından çox böyük bir addımdır.
Dövlət başçısı onu da xüsusi vurğuladı ki, Kəlbəcərdə bütün infrastruktur layihələri icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işləri aparılıb. Bu, bölgənin təhlükəsiz və rahat yaşayış məkanına çevrilməsi deməkdir. Artıq burada yeni məktəb inşa olunur və gələn il istifadəyə veriləcək. Bu dərs ilində isə kəlbəcərli uşaqlar modul tipli məktəbdə təhsillərini davam etdirəcəklər. Beləliklə, dövlət həm bugünkü, həm də gələcək nəsil üçün hərtərəfli imkanlar yaradır.
Cənab Prezident İlham Əliyev çıxışında tarixi hadisələrə də toxundu. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının və ordusunun qəhrəmanlığının təcəssümü olduğunu bildirdi. Azərbaycan xalqı və dövləti bir yumruq kimi birləşdi və Ermənistan cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müharibə dövründə Azərbaycan ordusu hər gün irəliləyirdi, bir qarış belə geri çəkilmə olmadı və heç bir fərari qeydə alınmadı. Bu, xalqımızın və ordumuzun ən yüksək mənəvi keyfiyyətlərini göstərdi. Ermənistanda isə özlərinin etirafına görə on iki min fərari olmuşdu. Bu müqayisə Azərbaycanın gücünü və haqq yolunda mübarizəsinin ədalətliliyini bir daha ortaya qoydu.
Müharibədən sonra imzalanan kapitulyasiya aktına əsasən Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Prezident qeyd etdi ki, bu, həm diplomatik məharət, həm də hərbi gücün nəticəsi idi. Xüsusilə Kəlbəcər rayonunun relyefi və iqlimi nəzərə alınarsa, onu hərbi yolla azad etmək çoxlu itkilərlə nəticələnə bilərdi. Bu səbəbdən 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün qərar idi. Əgər əməliyyatlar davam etsəydi, qış şəraiti və relyefin çətinliyi Azərbaycan ordusuna əlavə çətinliklər yarada bilərdi.
Prezident çıxışında həmçinin 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycanın qarşısında duran əsas vəzifələrdən danışdı. Həmin dövrdə ölkəmizin əsas hədəfi suverenliyi tam bərpa etmək idi. Bu məqsədlə mühüm addımlar atıldı. Laçın dəhlizinin aradan qaldırılması, Laçın sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları kimi mühüm strateji nailiyyətlər əldə edildi. Bütün bu proseslər nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə separatçı rejim tamamilə süquta uğradıldı. Cəmi bir neçə saat davam edən əməliyyat nəticəsində qondarma qurum kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Azərbaycanın ərazisində bir dənə də olsun separatçı qüvvə qalmadı. Bu, dövlətin məqsədyönlü siyasətinin və xalqın dəmir iradəsinin nəticəsi idi.
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha göstərdi ki, dövlət yalnız işğaldan azad olunmuş torpaqları bərpa etmir, həm də burada yeni həyat yaradır. Kəlbəcərdə tikilən evlər, məktəblər, çəkilən yollar, elektrik, su və qaz xətləri insanların normal və rahat yaşaması üçün geniş imkanlar yaradır. Bu gün artıq Kəlbəcərdə həyat qaynayır, insanlar öz doğma torpaqlarına qayıdır, uşaqlar məktəbə gedir, ailələr yeni evlərə köçür.
Bu səfər həm də xalqımız üçün bir ümid və qürur mənbəyi oldu. Uzun illər çadırlarda, yataqxanalarda, uşaq bağçalarında ağır şəraitdə yaşamış insanlar artıq doğma yurdlarına qayıdırlar. Prezidentin sözləri ilə desək, kəlbəcərlilər buna layiqdirlər və onlar burada , firavan bir həyat yarahatşayacaqlar.
Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Əks halda, xüsusən də qışın sərt şəraitində Kəlbəcərin hərbi yolla azad olunması böyük itkilərlə nəticələnə bilərdi. Azərbaycanın strateji hədəfi isə yalnız işğalın dayandırılması deyil, həm də ölkənin tam suverenliyinin təmin edilməsi idi. 2020-ci ildən 2023-cü ilin sentyabrına qədər həyata keçirilən ardıcıl addımlar – Laçın dəhlizinin aradan qaldırılması, sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması, Fərrux, Qırxqız və Sarıbaba əməliyyatları – bu məqsədin tərkib hissəsi idi. Nəhayət, 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri ilə separatizmin başı əzildi və Qarabağda qeyri-qanuni rejim birdəfəlik süquta uğradı.
Azərbaycanın güclü tərəfdaşları var və beynəlxalq aləmdə mövqeyimiz həmişə ədalətli mövqe kimi qəbul olunub. Biz heç vaxt başqa dövlətlərin ərazilərinə iddia etməmişik, yalnız öz torpaqlarımızda mübarizə aparmışıq, düşmənin işğal etdiyi yurdlarımızı azad etmişik. Buna baxmayaraq, Ermənistanı himayə edən dövlətlər uzun illər boyu bizə təzyiqlər göstərməyə çalışdı. Lakin xalqımızın iqtidarla birliyi, əsgərlərimizin şücaəti, milli həmrəylik və siyasi iradə nəticəsində bütün bu səylər puç oldu. Dünya birliyi Azərbaycanın haqq işini qəbul etməyə məcbur qaldı və bu, tarixi qələbənin mühüm siyasi nəticəsidir.
Azərbaycan ədalətli və ləyaqətli dövlət olduğunu bir daha sübut etdi. Heç kimin torpağında gözümüz yoxdur, amma heç kəsə də öz ərazimizdə ağalıq etməyə imkan verməyəcəyik. Müasir dünyanın təcrübəsi göstərir ki, çoxsaylı müharibələr hələ də davam edir, amma heç kim tam qələbə qazanmayıb. Azərbaycan isə həm mütləq, həm də tam qələbə qazanan yeganə ölkədir. Biz düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik və eyni zamanda bölgədə sülhün təminatçısına çevrildik.
Nəticə etibarilə, 2025-ci il avqustun 21-də Kəlbəcərə səfər həm tarixi hadisələrin yada salınması, həm də gələcəyə inamla baxmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Kəlbəcər şəhəri təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Burada dövlətin gücü, xalqın iradəsi və birliyi öz bariz təzahürünü tapır.
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşərək 44 gün ərzində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu müharibə şanlı tariximizin zirvəsidir. Hər gün irəliləyən Ordumuz döyüş meydanında bir addım da geri çəkilmədi. Bir nəfər belə fərari olmadı. Bu, xalqımızın yüksək keyfiyyətlərinin, Vətən uğrunda ölümə hazır olmasının bariz nümunəsidir. Ermənistan ordusunda isə 12 min fərari olmuşdu. Müharibənin sonunda Kəlbəcər, Laçın və Ağdamın böyük hissəsi hələ işğal altında idi. Lakin kapitulyasiya aktı ilə düşmən bu əraziləri döyüşsüz qaytarmağa məcbur oldu. Kəlbəcərin güllə atılmadan azad edilməsi xalqımızın iradəsinin və diplomatik uğurlarımızın nəticəsi idi.
Cavid Cəfərzadə,
Xəzər rayonu, H. İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru