
Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
“Reportyorinfo.az” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da Liqa mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağı olub. Lissabondakı “Estadio da Luz”da keçirilən görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu əvvəlcə 0:2 hesabı ilə geridə olsa da, rəqib qapısına 3 qol vuraraq qalib gəlməyi bacarıb.
“Qarabağ” 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Ağdam klubu 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. “Kəhər atlar” “Atletik” (İspaniya), “Napoli” (İtaliya) və “Liverpul”la (İngiltərə) da səfərdə qarşılaşacaq. “Kopenhagen” (Danirmarka), “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland) və “Aytraxt”la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək.