
Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Ən yüksək zirvəsi olan Dağ Tumasın qoynundan boylandıqca düz 4 il öncə işgaldan azad olunmuş Cəbrayıl şəhəri özü, ətrafında, sağ-solunda yerləşən kəndləri, obaları, Arazboyu uzanıb gedən düzənlikləri, elə xan Arazın özü və qədimdən – qədim Xudafərin körpüsü yenə göz oxşayır, insana qürur, iftixar hissi bəxş edir. 1993-cü ildən 2020-ci ilə qədər işğalda qalan Cəbrayıl şəhərinin 4 qəsəbə və 72 kəndinin digər bölgələrimiz kimi erməni vandalları tərəfindən vəhşicəsinə talanması, yaşayış məskənlərinin yerlə-yeksan olunması, tarixi-dini abidələrin məhv edilməsi, on minlərlə sakininin qaçqınlığa məruz qalması, minlərlə igid övladının həlak olması istər-istəməz xalqımıza hələ də acı hisslər yaşatmaqdadır. Bununla belə istər Cəbrayılın, istərsə də digər bölgələrimizin 4 il öncə yağı düşmənlərdən təmizlənməsi, ata-baba ocaqlarımızın azad nəfəs alması, azad edilmiş bütün ərazilərdə abadlıq, quruculuq işlərinin böyük vüsətlə aparılması hər bir vətəndaşı qəlbən sevindirir, sabaha daha inamla addımlamağa sövq edir.
Cəbrayıl və digər işğalda olan ərazilərimiz azad olunduqdan sonra yeni dövrə qədəm qoydu və bütün regionlarımızda bərpa-quruculuq işlərinə başlanıldı. “Araz Vadisi İqtisadi Zonası”nin yaradılması Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisəyə çevrildi. Rayonun elektrik təchizatının bərpa olunması, Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, avtomobil, dəmir yolu xətlərinin çəkilişi, layihələndirilən ərazilərdə fərdi yaşayış evlərinin, bloklu binaların tikilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhərinə və kəndlərinə ilk köç karvanının yola salınması bu günümüz üçün olduqca qürurvericidir.
Prezident İlham Əliyevin son 5 ildə Cəbrayıl rayonuna dəfələrlə səfər etməsi, təməlqoyma, ağacəkmə mərasimlərində, körpülərin, yolların, müxtəlif mərkəzlərin açılışında şəxsən Ali Baş Komandan olaraq iştirak etməsi təqdirəlayiqdir. Ölkə başçısının hər bir bölgəyə bu qədər diqqəti, hər bir vətəndaşa qayğıkeşliyi, səmimiyyəti hər kəsə nümunə, örnək olmaqla hər birimizi sabahımıza daha böyük uğurlarla addımlamağa çağırmaqdadır.
Bu gün azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri bizi ürəkdən sevindirir. 30 il həsrətində olduğumuz həmin torpaqlar bizim and yerimiz, qürur mənbəyimizdir.
Əbülfət Bağırov
Xəzər rayonu, 218 nömrəli tam orta məktəbin direktoru