
Azərbaycanın müasir tarixində hər bir yüksək səviyyəli səfər yeni əməkdaşlıq səhifəsi açır. İtaliya Prezidentinin Bakıya dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər təkcə iki ölkə arasında mövcud münasibətləri daha da dərinləşdirməklə kifayətlənmir, həm də Avropa ilə Qafqaz arasında körpü rolunu möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin bəyanatı isə bir daha təsdiq etdi ki, Azərbaycan–İtaliya əlaqələri sarsılmaz etimada, qarşılıqlı maraqlara və strateji vizyona əsaslanır. Azərbaycan və İtaliya arasında əməkdaşlığın ən mühüm sütunlarından biri enerji sahəsidir. Cənub Qaz Dəhlizi və onun Avropaya çıxışı olan TAP boru kəməri, əslində, təkcə iqtisadi layihə deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatıdır. Cənab Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərək bildirdi:
Hər iki liderin bəyanatlarında vurğulandı ki, Azərbaycan və İtaliya artıq sadəcə tərəfdaş deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında enerji, elm və mədəniyyət sahələrində strateji körpü rolunu oynayan müttəfiqlərdir. Bu baxımdan görüş zamanı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin əhəmiyyəti və Azərbaycan-İtaliya Universitetinin gələcək rolu xüsusi diqqət mərkəzində oldu.
Azərbaycan və İtaliya arasında münasibətlərin əsas dayaqlarından biri enerji sahəsində əməkdaşlıqdır. Xəzər dənizinin zəngin qaz ehtiyatlarını Avropaya çatdıran Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi, bu əməkdaşlığın konkret nəticəsi və Avropanın enerji təhlükəsizliyində mühüm strateji layihədir.
TAP vasitəsilə Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçərək İtaliyaya nəql olunur. Bu, həm Azərbaycanın enerji ixrac coğrafiyasını genişləndirir, həm də İtaliyanın enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Prezident İlham Əliyev görüş zamanı qeyd etdi ki, “TAP təkcə enerji layihəsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təməl sütunlarından biridir.”
İtaliya Prezidenti Sercio Mattarella isə vurğuladı ki, Azərbaycan qazının İtaliyaya ixracı iki ölkə arasında strateji etimadı daha da gücləndirir. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropada sabitlik, iqtisadi inkişaf və enerji dayanıqlığı baxımından böyük önəm daşıyır.
Bu layihə nəticəsində İtaliya təkcə qaz idxalçısı deyil, həm də Avropa enerji bazarının sabitləşməsində mühüm tərəfdaş rolunu oynayır. Azərbaycanın isə bu istiqamətdə lider mövqeyi, ölkəmizin qlobal enerji siyasətində nüfuzunu daha da artırır. Enerji sahəsindəki bu uğurlu əməkdaşlıq, təbii ki, yalnız iqtisadi müstəvidə məhdudlaşmır. Azərbaycan və İtaliya arasında formalaşan strateji tərəfdaşlıq, elm və təhsil sahələrində də dərin inteqrasiyaya səbəb olub.
Bu baxımdan Azərbaycan-İtaliya Universiteti layihəsi mühüm əhəmiyyət kəsb edir. Prezidentlərin görüşündə bu ali təhsil müəssisəsinin inkişaf perspektivləri və iki ölkə arasında akademik əməkdaşlığın yeni mərhələyə qədəm qoyması barədə müzakirələr aparıldı.
Universitetin yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur və layihə İtaliyanın nüfuzlu universitetləri – “Politecnico di Torino”, “La Sapienza” və digərlərinin dəstəyi ilə həyata keçirilir. Burada tədris prosesinin beynəlxalq səviyyədə təşkili, müasir laboratoriyaların yaradılması və gənclərin innovasiya yönümlü biliklərlə təchiz edilməsi planlaşdırılır.
Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, Məsləhətçi