AnalitikaGündəmSiyasət

Qəbələdə Türk Dünyasının Birliyi Təsdiqləndi: TDT Yeni Geosiyasi Mərkəz Kimi Tanınır

7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü regionun siyasi xəritəsində mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin zirvə toplantısında səsləndirdiyi fikirlər yalnız bir təşkilatın gələcəyini deyil, bütövlükdə Türk dünyasının inteqrasiya potensialını və geosiyasi iddialarını ortaya qoydu. Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının artıq sadəcə əməkdaşlıq platforması olmaqdan çıxdığını, əksinə, ciddi bir geosiyasi mərkəzə çevrildiyini xüsusi vurğuladı. Bu, Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu, eləcə də Türk dünyasının inteqrasiyasının strateji əhəmiyyətini göstərən açıq bir mesaj idi.Əliyevin çıxışında TDT-nin keçmiş sədri Qırğız Respublikasına təşəkkür ifadəsi həm təşkilat daxilindəki qarşılıqlı hörmət və etimada, həm də kollektiv liderlik anlayışına işarə idi. Bu, təşkilat daxilində qərarların şəffaf və əməkdaşlığa əsaslanan bir sistemlə qəbul edildiyini göstərir. Zirvə görüşündə bir daha aydın oldu ki, Türk Dövlətləri Təşkilatının gücü yalnız ortaq dil və mədəniyyətdən deyil, həm də iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində artan qarşılıqlı asılılıqdan qaynaqlanır. Prezident Əliyev çıxışında ortaq tarixi və etnik köklərin, milli-mənəvi dəyərlərin təşkilatın təməl sütunlarını təşkil etdiyini vurğulayaraq, bu birliyin mənəvi və ideoloji əsaslarını möhkəmləndirdi. Xüsusilə qeyd edilməlidir ki, TDT-nin beynəlxalq nüfuzu artmaqdadır. Bu, təşkilatın təkcə türksoylu ölkələrin daxili inteqrasiyası ilə kifayətlənmədiyini, həm də qlobal güc balansında söz sahibi olmaq iddiasında olduğunu göstərir. Bu baxımdan Prezident Əliyevin “Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır” fikri, həm bir strategiya bəyanatı, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj kimi qiymətləndirilməlidir. Azərbaycanın ev sahibliyi etdiyi bu Zirvə görüşü eyni zamanda ölkənin regionda diplomatik, iqtisadi və təhlükəsizlik baxımından mərkəzi mövqeyini təsdiqlədi. Qəbələ kimi tarixi və mədəni bir şəhərin seçilməsi də simvolik xarakter daşıyırdı: qədim Türk tarixinin və mədəniyyətinin mirasını daşıyan bir məkan yeni Türk siyasi birliyinin rəmzi olaraq təqdim olundu. Gələcəyə baxdıqda, TDT-nin daha da güclənməsi üçün ortaq enerji layihələri, nəqliyyat dəhlizləri – xüsusən Orta Dəhliz – və gənclər arasında təhsil-mədəniyyət proqramları xüsusi əhəmiyyət kəsb edəcək. Azərbaycanın bu sahələrdə təşəbbüskar rolu və İlham Əliyevin bu istiqamətdəki çağırışları təşkilatın real nəticələrə yönəlik inkişaf strategiyasını nümayiş etdirir. Nəticə etibarilə, Qəbələ Zirvəsi Türk dünyasının həmrəyliyini, siyasi iradəsini və qlobal iddiasını nümayiş etdirdi. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu prosesdə əsas aparıcı aktorlardan biri olaraq çıxış edir. TDT artıq regional bir birlik deyil, qlobal çağırışlara cavab verə bilən, tarixindən güc alan, gələcəyini isə strateji planlamalarla qurmağa çalışan bir güc mərkəzidir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button