AnalitikaGündəmSiyasət

Qubadlı yenidən qurulur, dirçəlir və bu torpaqlarda artıq sülh, inkişaf və həyat bərqərar olur

Azərbaycanın qəhrəman şəhərlərindən biri olan Qubadlının işğaldan azad edildiyi gün – 25 oktyabr tarixi xalqımız üçün böyük qürur və zəfər günü kimi tarixə yazılıb. Bu gün Qubadlı sakinləri, eləcə də bütün Azərbaycan xalqı tərəfindən əziz və yaddaşlarda dərin iz buraxan bir gündür.

2020-ci ilin 25 oktyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun bir çox kəndlərini işğaldan azad edərək Vətən müharibəsində növbəti parlaq qələbəyə imza atdı.

Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri idi. Bu qələbə həm strateji, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Qubadlının azadlığı ilə Azərbaycanın cənub-qərb istiqamətində mühüm üstünlüklər əldə edildi, Laçın və Zəngilan istiqamətində ordumuzun irəliləməsi üçün yeni imkanlar yarandı.

Hərbi baxımdan Qubadlı Zəngəzur istiqamətində strateji körpü rolunu oynayırdı və onun azad edilməsi Ermənistan ordusunun müdafiə xəttini tam çökdürdü.

30 ilə yaxın düşmən işğalı altında qalan Qubadlı rayonu bu illər ərzində viran edilmiş, infrastruktur tamamilə dağıdılmışdı. Lakin 2020-ci ilin Qələbəsi ilə hər şey dəyişdi. Prezident İlham Əliyevin “Biz Qubadlını bərpa edəcəyik, ora həyat qayıdacaq” sözləri artıq reallığa çevrilir.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Qubadlıda da genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, məktəblər, xəstəxanalar, elektrik xətləri, su təchizatı sistemləri inşa edilir, şəhərin və kəndlərin əvvəlki gözəlliyi bərpa olunur.

Qubadlının bərpası təkcə fiziki quruculuq deyil, həm də mənəvi dirçəlişin simvoludur. Qubadlılılar uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayıb və indi bu arzu reallaşır.

Artıq “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlıya ilk köç dalğası həyata keçirilmiş, ailələr doğma yurdlarına dönərək orada yeni həyat qurmağa başlamışlar. Bu, Azərbaycanın milli birliyinin və dövlətin öz vətəndaşına qayğısının ən gözəl təcəssümüdür.

Qubadlı şəhəri və onun ətraf kəndləri qədim tarixə, zəngin mədəni irsə malikdir. Təbii gözəllikləri, dağ-meşə landşaftı, bulaqları və tarixi abidələri ilə seçilən bu torpaqlar Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Qubadlının azadlığı ilə bu irs yenidən canlanır, milli yaddaş bərpa olunur.

25 oktyabr – Qubadlı şəhəri günü bu gün artıq təkcə bir rayonun deyil, bütün Azərbaycanın Zəfər Günlərindən biridir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq.

Onların fədakarlığı sayəsində Qubadlı və digər torpaqlarımız azad edildi, Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi.

Bu əziz gün hər bir azərbaycanlı üçün Vətən sevgisini, milli qüruru və birliyi daha da gücləndirən bir bayramdır. Qubadlı yenidən qurulur, dirçəlir və bu torpaqlarda artıq sülh, inkişaf və həyat bərqərar olur. 25 oktyabr – Qubadlı şəhəri günü Azərbaycanın qalib xalqının qürur simvoludur.

Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button