Azərbaycan elminin inkişafı Prezident İlham Əliyevin strateji idarəetməsinin mühüm nəticəsidir

Azərbaycanın müasir inkişaf modeli yalnız iqtisadi göstəricilərlə deyil, həm də intellektual potensialın dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilməsi ilə səciyyələnir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) alimlərlə görüşdə etdiyi çıxış elmin milli siyasətin mərkəzində dayanmasının, onun praktiki və strateji əhəmiyyətinin bir daha nümayişi idi. Dövlət başçısının bu çıxışı təkcə elmi ictimaiyyət üçün deyil, bütövlükdə cəmiyyət üçün çağırış xarakteri daşıyırdı — elm adamlarını dövlət qurumları ilə birgə işləməyə, bilikləri praktik sahələrdə tətbiq etməyə və Qarabağla Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə bilavasitə töhfə verməyə səsləyirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, elmi nailiyyətlər və sübut-əsaslı tədqiqat nəticələri dövlət siyasətinin formalaşmasında ən etibarlı mənbədir. Elmə söykənən qərarlar, proqramlar və strategiyalar həm daha davamlı, həm də səmərəli olur. Buna görə də dövlət başçısı alimləri yalnız nəzəri tədqiqatlarla kifayətlənməməyə, elmin nəticələrini sosial-iqtisadi, ekoloji və texnoloji sahələrdə tətbiq etməyə çağırdı. Bu, Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasına və elmin cəmiyyətin inkişafına birbaşa təsirinin artırılmasına yönəlmiş strateji xəttin təzahürüdür.
Prezidentin çıxışı, eyni zamanda, Azərbaycanın tarixi yaddaşının qorunması və elmi əsaslarla təbliği baxımından da mühüm mesajlar daşıyırdı. O, Qarabağ və Şərqi Zəngəzur barədə danışarkən bildirdi ki, bu bölgələrdən söz açmaq əslində bütövlükdə Azərbaycan tarixindən danışmaq deməkdir. Ermənistanın və erməni diasporunun uzun illər apardığı saxtakarlıq siyasətinə qarşı ən güclü silah elmdir — tarixi faktların, xəritələrin və sənədlərin elmi əsaslarla işlənməsi və beynəlxalq aləmdə təqdim olunması. Bu baxımdan Prezident Azərbaycan alimlərinə mühüm vəzifə qoydu: tariximizin, mədəni irsimizin, toponimlərimizin elmi tədqiqi və bu həqiqətlərin dünyaya obyektiv çatdırılması.
Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində də elm və təhsil prioritet istiqamət kimi müəyyən edilmişdi. Hələ Sovet dövründə onun rəhbərliyi altında ölkədə yeni ali təhsil müəssisələri yaradılmış, gənclərin İttifaqın qabaqcıl ali məktəblərində təhsil alması üçün geniş imkanlar təmin edilmişdi. Bu siyasət nəticəsində Azərbaycanın milli kadr potensialı formalaşmış, elmi mühitdə yeni bir nəsil yetişmişdi. Müstəqillik illərində də Heydər Əliyev təhsilin müasirləşdirilməsi, milli elmin beynəlxalq səviyyəyə çıxarılması istiqamətində sistemli islahatlar həyata keçirmişdi. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Son onillikdə elmə ayrılan dövlət vəsaiti iki dəfədən çox artıb, elmi müəssisələrin maddi-texniki bazası yenilənib, Elm Fondu və “Elm haqqında” Qanun qəbul edilib. Bu tədbirlər elmi fəaliyyətin institusional əsaslarını möhkəmləndirib, alimlərin təşəbbüskarlığını və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib. Eyni zamanda, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramlarının qəbul edilməsi bu sahənin uzunmüddətli inkişafını müəyyənləşdirib.
Prezidentin AMEA-da çıxışı həm də dövlət və elm arasında qarşılıqlı etimadın və əməkdaşlığın yeni mərhələsini açdı. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hər bir dövlət qurumu elmi biliklərdən faydalanmalı, alimlərlə sıx əlaqədə olmalıdır. Bu, yalnız elmin deyil, həm də idarəetmənin keyfiyyətini yüksəldən yanaşmadır. Məsələn, iqtisadi planlaşdırmadan tutmuş şəhərsalma, ekologiya, energetika və mədəni irsin qorunmasına qədər bütün sahələrdə elmi nəticələrə əsaslanmaq dövlət idarəçiliyini daha çevik və səmərəli edir.
Beləliklə, Prezident İlham Əliyevin AMEA-da çıxışı həm elmi siyasətin konturlarını müəyyənləşdirən proqram xarakterli sənəd, həm də milli kimliyin, tarixi yaddaşın və intellektual potensialın birliyinə çağırış idi. Bu çıxış Azərbaycan elminin yalnız daxili ehtiyacları ödəmək deyil, həm də milli maraqları beynəlxalq müstəvidə müdafiə etmək missiyasını da daşıdığını göstərdi. Dövlət və elm arasında qurulan bu strateji tərəfdaşlıq, şübhəsiz ki, Azərbaycanın gələcək inkişafında yeni bir keyfiyyət mərhələsinin əsasını qoyacaq.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



