AnalitikaGündəmSosial

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda “Bir Kəmər – Bir Yol” təşəbbüsünə həsr olunmuş AnewZ telekanalının istehsalı olan sənədli filminin nümayişi keçirilib

AnewZ TV tərəfindən hazırlanmış, Çinin “Bir Kəmər – Bir Yol” (“China’s Global Vision: Belt and Road Initiative”) təşəbbüsünə və Orta Dəhlizin qlobal iqtisadiyyatda artan roluna həsr olunmuş sənədli filmin nümayişi Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda keçirilib.

Reportyorinfo.az  xəbər verir ki, Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, diplomatik korpusun nümayəndələri, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Açılış nitqləri ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Lu Mei, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, həmçinin filmin müəllifi və AnewZ TV-nin baş sənədli film prodüseri Anastasiya Lavrina çıxış ediblər.

Tədbirin moderatoru, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, Azərbaycan və Çin arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində akademik və mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“China’s Global Vision: Belt and Road Initiative” adlı sənədli film Sian, Pekin, Şanxay və Şençjen şəhərlərində çəkilib. Film infrastruktur, ticarət və mədəni əlaqələrin yeni qlobal nizamı necə formalaşdırdığını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Şərq ilə Qərbi Xəzər hövzəsi vasitəsilə birləşdirən Orta Dəhlizdə mühüm strateji mərkəzə çevrildiyi xüsusi qeyd olunur.

Filmin nümayişindən sonra iştirakçılar nəqliyyat və logistika, yaşıl enerji və akademik mübadilə sahələrində gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirə aparıblar.

Tədbirin sonunda iştirakçılar bu kimi təşəbbüslərin qarşılıqlı anlaşmanın, dayanıqlı inkişafın və beynəlxalq tərəfdaşlığın təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Oxşar Xəbərlər

Back to top button