AnalitikaGündəmSiyasət

Azərbaycan dövlətinin gücünü, özünə inamını və insan amilinə verdiyi yüksək dəyəri nümayiş etdirir

Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas mahiyyəti möhkəm hüquqi əsaslara, dayanıqlı inkişaf modelinə və yüksək humanist dəyərlərə söykənir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü də məhz bu strateji xəttin məntiqi davamı kimi çıxış edir. Bu təşəbbüs müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynamış hüquqi, siyasi və mənəvi prinsiplərin bir daha təsdiqidir.

Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdıraraq ölkədə hüququn aliliyini, insan və vətəndaş hüquqlarının təminini əsas prinsip kimi müəyyənləşdirdi. Bu möhkəm təməl üzərində formalaşan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm prinsipidir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət anlayışları dayanır.

Bu yanaşma yalnız sosial-iqtisadi sahədə deyil, eyni zamanda cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapır. Azərbaycanda cəza siyasəti cəmiyyətin təhlükəsizliyinin qorunması ilə yanaşı, insanın islah olunması və yenidən cəmiyyətə inteqrasiyası məqsədini daşıyır. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü onun ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Suverenliyimizin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması xalqımızın tarixi qələbəsi olmaqla yanaşı, yeni mərhələnin başlanğıcını da simvolizə edir. Bu təşəbbüs humanizm və mərhəmət ənənələrinə sadiqliyin, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inamın və cəmiyyətə yenidən qazandırma prinsipinin ifadəsidir.

Prezident İlham Əliyev bu addımı atarkən cəzadan azad ediləcək şəxslərin gələcəkdə qanunlara əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə dərin inam nümayiş etdirir. Amnistiya aktının layihəsinə əsasən, xüsusilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərə xüsusi yanaşma nəzərdə tutulur. Eyni zamanda bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilən hadisələrdə əlil olmuş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, yetkinlik yaşına çatmayanlar və digər sosial həssas kateqoriyalar amnistiyadan yararlana biləcəklər. Layihə həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə münasibətdə də humanist yanaşmanı ehtiva edir.

Bu amnistiya təşəbbüsü müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı kimi qiymətləndirilir. Proqnozlara əsasən, 20 mindən çox şəxs amnistiya aktının təsiri altına düşəcək. Minlərlə məhkum azadlıqdan məhrum etmə cəzasından azad ediləcək, bir çoxlarının cəzası azaldılacaq və ya cinayət məsuliyyətindən tam azad olunacaq. Bu göstəricilər dövlətin humanist siyasətinin real nəticələrini aydın şəkildə ortaya qoyur. Azərbaycanın müasir tarixində əfv və amnistiya institutları ardıcıl və sistemli şəkildə tətbiq olunub. 1995-ci ildən bu günədək qəbul edilən amnistiya və əfv aktları on minlərlə insanın taleyində müsbət dönüş yaradıb. Bu ənənə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanmış, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilmişdir.

Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qəbul edilən amnistiya aktları da bu humanist siyasətin mühüm tərkib hissəsidir. Nəticə etibarilə, “Konstitusiya və Suverenlik İli”ndə amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünü, özünə inamını və insan amilinə verdiyi yüksək dəyəri nümayiş etdirir. Bu addım hüquqi dövlət quruculuğunun, sosial ədalətin və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən strateji qərar kimi tarixə düşəcək.

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button