
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilir. Azərbaycanın transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyildir. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi ixracımızın bir hissəsidir. Demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün respublikada XXI əsrin layihəsi həyata keçirilir və onun miqyası genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi ölkəmiz bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə hazırdır. Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi planlaşdırılır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb.
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində də bu məsələyə münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.
Aslanov Kamran,
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı



