AnalitikaGündəmSosial

Azərbaycanın Gələcəyi Güclü və Fəal Gəncliyin Əlindədir

Azərbaycan tarixində gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi, dövlətin inkişafında mühüm rol oynayan strateji təbəqə kimi çıxış etmişdir. Məhz bu reallığı nəzərə alaraq, 1997-ci il 1 fevral tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən 2 Fevral – Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar gənclərə göstərilən yüksək etimadın, onların potensialına verilən dəyərin bariz nümunəsidir. Azərbaycan gəncliyi bu gün müasir, dünyagörüşlü, milli-mənəvi dəyərlərə sadiq və dövlətçilik ideyalarına bağlı bir nəsil kimi formalaşır. Təhsil, elm, mədəniyyət, idman, sahibkarlıq və ictimai-siyasi sahələrdə əldə olunan uğurlar gənclərin ölkənin gələcəyində oynadığı rolu açıq şəkildə nümayiş etdirir.

Dövlət gənclər siyasətinin əsas məqsədi də məhz sağlam düşüncəli, vətənpərvər, təşəbbüskar və rəqabətədavamlı gənclərin yetişdirilməsidir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Gənclərin təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq proqramlarda iştirakı, startap və innovasiya layihələrinə dəstək, könüllülük hərəkatının təşviqi bu siyasətin əsas istiqamətlərindəndir. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların təkcə intellektual deyil, həm də mənəvi gücünün göstəricisi oldu.

Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edir, qərarvermə proseslərində söz sahibinə çevrilir. Gənclər təşkilatları, ictimai birliklər və könüllü platformalar vasitəsilə gənclər öz ideya və təşəbbüslərini reallaşdırmaq imkanı əldə edirlər. Bu isə cəmiyyətin davamlı inkişafı üçün mühüm zəmin yaradır. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, həm də gənclərin üzərinə düşən məsuliyyəti bir daha xatırladan əlamətdar gündür. Bu gün hər bir gənc bilməlidir ki, Azərbaycanın gələcəyi onun bilik, bacarıq və vətənə sədaqətindən asılıdır. Güclü dövlət, dayanıqlı inkişaf və firavan cəmiyyət məhz savadlı, fəal və milli ruhlu gənclərin çiyinlərində yüksəlir. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara möhkəm iradə, böyük uğurlar və Vətənimizin inkişafı naminə daim irəli addımlamağı arzulayırıq.

 Orxan Abdullazadə, ​
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button