AnalitikaGündəmSiyasət

Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin təltif edilməsi Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir

Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna, Cənubi Qafqazda sülhün bərqərar olmasında apardığı mütərəqqi və geniş fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunub.

Fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

Qeyd edək ki,“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Təqdimolunma mərasimində çıxış edən Prezident İlham Əliyev İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığını bildirib və qeyd edib ki, “ Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir.”

Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan Dövlət Başçısı bildirib ki, “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.”

Həmçinin çıxışında İlham Əliyev “sülh şəraitində yaşamağın xüsusi bir hiss” olduğunu qeyd edərək “Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.” fikirlərini söyləyib.

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirən Azərbaycan Prezidenti  keçən altı ay ərzində iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox mühüm olduğunu bildirib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik.”

Eyni zamanda ölkə Başçısı bəyan edib: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.”

Bu gün Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Artıq Azərbaycan dünyada sülhə töhfə verən bir dövlət kimi tanınır.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsi sədrinin birinci müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button