
“Azərbaycan tarixində Xocalı adı uzun illər ağrı, faciə və ədalət axtarışı kimi xatırlanıb. 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı yönəlmiş ağır cinayət idi. Dinc insanların qətlə yetirilməsi, şəhərin yerlə-yeksan edilməsi və minlərlə insanın doğma yurd-yuvasından didərgin salınması XX əsrin ən faciəli hadisələrindən biri kimi tarixə həkk olundu. Lakin tarix göstərdi ki, Azərbaycan xalqının iradəsini sındırmaq mümkün deyil. Bu gün Xocalı artıq dirçəlişin, qayıdışın və zəfərin rəmzi kimi yeni mərhələyə qədəm qoyur”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesi başlanmış, Xocalı isə bu prosesin ön sıralarında yer almışdır. Bu gün Xocalıda aparılan tikinti və yenidənqurma işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu aydın şəkildə nümayiş etdirir. Xocalı artıq dirçəliş mərhələsini yaşayır. Şəhərdə yaradılan yeni yaşayış mühiti, müasir infrastruktura əsaslanan planlaşdırma və sosial obyektlərin inşası insanların doğma yurda təhlükəsiz və inamla qayıdışına imkan yaradır. Bu gün Xocalı yenidən insanların səsi ilə canlanır. Müasir şəhər standartlarına uyğun inşa edilən yaşayış kompleksləri, yollar, enerji və kommunikasiya sistemləri bölgədə rahat və təhlükəsiz həyatın təmin edilməsinə xidmət edir. Dövlət tərəfindən həyata keçirilən layihələr göstərir ki, əsas prioritet insan amili və vətəndaş rifahıdır
“Yeni müəssisələrin yaradılması, sahibkarlığın təşviqi və məşğulluğun artırılması Xocalını gələcək iqtisadi mərkəzlərdən birinə çevirmək istiqamətində mühüm addımlardır. Kəndlərdə aparılan yenidənqurma işləri kənd təsərrüfatının inkişafına yeni imkanlar açır, aqrar potensialın bərpası isə bölgənin dayanıqlı inkişafına xidmət edir. Müasir enerji infrastrukturu və innovativ idarəetmə sistemlərinin tətbiqi Xocalının gələcəyinin uzunmüddətli strategiya əsasında qurulduğunu göstərir”.
O əlavə edib ki, Xocalıya sakinlərin qayıdışı tarixi ədalətin bərpasıdır. Uzun illər doğma torpağa qayıdış arzusu ilə yaşayan insanlar artıq öz şəhərlərinə dönərək yeni həyat qururlar. Bu qayıdış Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və milli iradənin sarsılmazlığını nümayiş etdirir. Xocalı bu gün artıq tariximizin yalnız ağrılı səhifəsi deyil. O, ümid və inkişaf məkanına çevrilir. Görülən hər layihə gələcəyə atılan addım, tikilən hər bina isə Azərbaycanın qalib dövlət kimi yeni inkişaf mərhələsinin göstəricisidir.
Onun sözlərinə görə, Xocalı artıq inkişafın, sabitliyin və gələcəyə inamın ünvanıdır. Burada həyat addım-addım bərpa olunur, sosial rifah yüksəlir, iqtisadi imkanlar genişlənir və şəhər yenidən həyatın qaynar nöqtəsinə çevrilir. Bu gün dirçələn Xocalı bir həqiqəti dünyaya nümayiş etdirir. Azərbaycan xalqı faciəni unutmur, lakin tarixini zəfərə çevirərək gələcəyini qurmağı bacarır.



